Ola bilər, yeni texnoloji imkanlardan istifadə edərək fərqli aksiyalar keçirilsin
İranda haradan edilməsi bəlli olmayan kiberhücum yanacaqdoldurma məntəqələrinin fəaliyyətini iflic edib. Bunun nəticəsi olaraq məntəqələrin qarşısında nəqliyyat vasitələrinin uzun növbələri yaranıb. Əhali hadisə ilə bağlı hakimiyyətə etiraz edib. İran neft nazirinin köməkçisi Cəlil Salari bildirib ki, ölkə miqyasında 300 nəfərlik komanda yaranmış problemin aradan qaldırılması üzərində işləyir və hər hansı çətinlik olmazsa, sabaha qədər problem aradan qaldırılacaq. Hakimiyyət hadisənin səbəbini araşdırır.
Cənub qonşumuzdakı yaranmış son hadisəni “Şərq”ə dəyərləndirən politoloq Sədrəddin Soltan deyib ki, ümumiyyətlə, İranda sosial vəziyyət gündən-günə çətinləşir. Ekspertin sözlərinə görə, mürəkkəb vəziyyətə həm pandemiya şəraitinin nəticələri, həm də Qərbin İrana qarşı sanksiyaları təsir göstərir:
“Hiss olunur ki, Tehran hökuməti Vyana danışıqlarına geri dönmək niyyətindədir. Yanacaqdoldurma məntəqələrində yaranmış vəziyyət İran tərəfindən rəsmən təsdiqlənməsə də, televiziyalar bu barədə məlumat yayıb. Görünən odur ki, baş vermiş kiberhücum ölkədə çox ciddi narazılığa səbəb olub. Hətta İranın ali rəhbərinin əleyhinə şüarlar səsləndirilib. Fikrimcə, hadisə İranda növbəti etiraz dalğasının başlaması üçün bir yoxlamadır. Məsələn, İrana hücum çəkmədən, silah tətbiq etmədən bu tip məsələlərlə cəmiyyəti hakimiyyətə qarşı qaldırmaq mümkündür. Hələlik kiberhücum yanacaqdoldurma məntəqələrində baş verir. Ola bilər, yeni texnoloji imkanlardan istifadə edərək fərqli aksiyalar keçirilsin. Hər halda İranla bağlı vəziyyət əvvəlki illərdən fərqli olaraq gərginləşəcək. Son hadisələr bunu təsdiqləməkdədir”.