Özbəkistanla Rusiya arasında 18 sənəd imzalanıb

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Rusiya Federasiyasında səfərdə olub.

AZƏRTAC Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə ölkələr arasında ticarət-iqtisadi, investisiya layihələri, nəqliyyat infrastrukturları, regional təhlükəsizlik, elm-təhsil, mədəni-humanitar sahədə əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər Əfqanıstanda sülhün və sabitliyin tam bərpa edilməsi istiqamətində geniş fikir mübadiləsi aparıblar.

Bildirilib ki, ötən il ölkələr arasında əmtəə mübadiləsi 5,6 milyard dollar olub. Bu ilin 10 ayında bu göstərici artıq 6 milyard həcmindədir və ilin sonunadək 7 milyard dollara çatacaq.

Vurğulanıb ki, bu gün Özbəkistana qoyulan Rusiya sərmayəsinin həcmi 10 milyard dolları keçib. Bu rəqəmin 14 milyarda çatdırılması istiqamətində iş aparılır.

Görüşün yekununda prezidentlər beynəlxalq informasiya təhlükəsizliyinin təmin olunması ilə bağlı birgə bəyanat qəbul ediblər. Ölkələr arasında əməkdaşlıqla əlaqədar 18 sənəd imzalanıb.