Azərbaycan Mərkəzi Bankı (AMB) sabah 2025-ci il üçün ilk dəfə uçot faiz dərəcəsi ilə bağlı qərarını açıqlayacaq.
“APA-Economics” bu barədə AMB-yə istinadən xəbər verir.
Mərkəzi Bank qeyd edib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaq.
Faktiki inflyasiyanın hədəf diapazonu daxilində olduğunu (4%±2) nəzərə alaraq AMB-nin uçot dərəcəsini yenidən sabit saxlayacağı gözlənilir.
Qeyd edək ki, yanvarın 17-də “Fitch Ratings” beynəlxalq reytinq agentliyi xarici qeyri-müəyyənlik, idarə olunan qiymətlərdə artımlar, ev təsərrüfatları və hökumət istehlakından daxili tələb təzyiqləri riskini nəzərə alaraq AMB-nin əlavə dərəcə endirimləri etməyəcəyini proqnozlaşdırıb.