Azərbaycanlı zəvvarlar üçün 2025-ci ildə həcc ziyarətinin qiymətləri məlum olub.
Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb.
Qeyd edilib ki, QMİ 2025-ci ildə həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün qiymətləri müəyyən edib. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.
Tələb olunan sənədlər:
1. Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);
2. Şəxsiyyət vəsiqəsinin surəti;
3. 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);
4. Sağlamlıq haqqında arayış.
Sənədlərin qəbulu 21 yanvar 2025-ci ildən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi, 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.
Məsələni dəyərləndirən ilahiyyatçı Tural İrfan “Sherg.az”a açıqlamasında deyib ki, Qafqaz Müsəlmanları İdarəsi əhalini yalnış məlumatlandırır:
“Həcc ziyarət deyil, ibadətdir. Ziyarət ilə ibadət tam fərqlidir. Bunlar adını ziyarət qoyub ki, kimin pulu varsa yığıb aparsınlar, özləri də pul qazansınlar. Amma Həcc hər bir maddi imkanlı müsəlmanın boynuna düşən vacib ibadətdir, İslamın şərtidir. Ziyarət isə könüllü olur, onun vacib şərti yoxdur. İmkanı olmayan müsəlmanın isə Həccə getməsi düz deyil, getsə də qəbul olunmur. Çünki Həccin ilk şərti maddi imkanı olmaqdır. Çoxu turist kimi və ziyarət məqsədi ilə gedir. Amma başa salan yoxdur ki, Həcc ziyarət deyil, ibadətdir. İbadət də hamıya vacib olmur. Kimin gücü yetirsə ona vacibdir. Süni şəkildə hər il Həccin qiymətini qaldırmaqla şübhəsiz ki, bu sahəni də artıq alver, biznes, qazanc mənbəyinə çeviriblər. Dinimiz isə deyir ki, imkanı olan imkansıza kömək etsin, əl tutsun. Lap ibadət də olmuş olsa imkanlı müsəlman ora getməyib onun əvəzində bir xəstəni müalicə etdirsə cənnəti qazanar. Hacı Zeynalabdin Tağıyev heç zaman Həccdə olmayıb. Həmişə onun üçün ayırdığı pulu bir kasıba, xeyir işə xərcləyib. Odur ki, ona min Həccin savabı yazılıb, o adı da ona veriblər. Həccə gedib 10-15 min pul xərcləmək insanın özü üçündür. Amma o pulu kasıba, miskinə, xəstəyə, yetimə xərcləsə Allah üçün, xalq üçündür. Bunu da hər adam bacarmır. Hər adamın imanı yetmir o cəsarətə”.