Rusiya Ukrayna məsələsi ilə bağlı ABŞ-la dialoqda səmimidir -ŞƏRH

Putin Ukrayna ilə bağlı "köklü səbəblər"in həllini tələb edir: O, nəyi nəzərdə tutur?

Bu il ABŞ və Türkiyənin birgə səyləri nəticəsində Şərqi Avropada sülh əldə oluna bilər

Rusiya Prezidenti Vladimir Putin yanvarın 20-də Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib ki, Rusiya ABŞ-nin yeni administrasiyası ilə Ukrayna üzrə dialoqa hazırdır.
“Biz Ukrayna məsələsində ABŞ-nin yeni administrasiyası ilə dialoqa açığıq. Burada ən mühüm məsələ böhranın köklü səbəblərini aradan qaldırmaqdır", - o, yanvarın 20-də Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşündə deyib.

“Vəziyyətin həllinə gəlincə, bir daha vurğulamaq istərdim: onun məqsədi qısamüddətli atəşkəs olmamalı, qüvvələrin yenidən qruplaşması və yenidən silahlanması üçün bir növ möhlət yox, uzunmüddətli xarakter daşımalıdır", - Putin vurğulayıb.

Rusiya Prezidenti görüşdə həmçinin Donald Trampı Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib.
"Rusiya və ABŞ arasında dialoq bərabərhüquqlu və qarşılıqlı hörmət əsasında qurulmalıdır, iki ölkənin mühüm rolu nəzərə alınmalıdır", - Putin əlavə edib.

Siyasi şərhçi Kənan Novruzov "Sherg.az"a deyib ki, Trampın andiçməsindən sonra ABŞ-nin Rusiya-Ukrayna müharibəsi ilə bağlı siyasəti dəyişəcək:

"Perspektivdə Vaşinqtonun Kiyevə dəstəyi azaltması nəticəsində onu danışıqlara məcbur etməsi mümkündür. 
Nəzərə almaq lazımdır ki, Trampın əvvəlki hakimiyyəti dövründə ABŞ- Rusiya münasibətləri indikinə nisbətən daha loyal idi. Bu baxımdan düşünmək olar ki, Tramp yenə də münasibətlərin əvvəlki səviyyəsini bərpa etməyə çalışacaq. Məsələ ondadır ki, Tramp biznesmən təfəkkürlü siyasətçidir. O, sərt güc alətlərindənsə, iqtisadi əlaqələrə üstünlük verir. Bunu Moskva da başa düşür. Ona görə də Vaşinqtonla münasibətlərin qismən inkişafına ümid edir. Ukrayna məsələsinə gəldikdə isə, əlbəttə, Putin ABŞ-la dialoqdan imtina edə və bunu açıq şəkildə deyə bilməz. Bu, Rusiyanın diplomatik səhvi olar. Rusiya Ukrayna məsələsi ilə bağlı ABŞ-la dialoqda səmimidir".

Analitik əlavə edib ki, indi əsas sual Moskvanın hansısa güzəştlərə hazır olub- olmaması ilə bağlıdır:
"Bu baxımdan Putinin "Ən mühüm məsələ böhranın köklü səbəblərini aradan qaldırmaqdır" fikri diqqət çəkir. Yəqin ki, Rusiya lideri "köklü səbəblər" deyəndə Krım böhranını və Ukraynanın NATO-ya üzvlük iddiasını nəzərdə tutur. Əgər belədirsə, deməli, Rusiya Krımı işğal altında saxlamaqda və rəsmi Kiyevin Alyansa üzvlüyünə mane olmaqda israrlıdır. Bu isə mümkün sülh ehtimalını azaldır. Digər tərəfdən Putinin dediklərindən belə məlum olur ki, Rusiya müharibənin birdəfəlik həllində maraqlıdır və Ukraynanın revanş cəhdindən narahatdır. Əgər belədirsə, Kreml başa düşməlidir ki, ancaq öz şərtləri ilə müharibəni bitirə bilməz. Mütləq Kiyevin mövqeyi, o cümlədən təhlükəsizlik maraqları nəzərə alınmalıdır. Əks halda Ukrayna itirilmiş torpaqlarını azad etmək üçün gələcəkdə yeni müharibəyə başlaya bilər.
Ümumiyyətlə indiki məqamda Rusiya və Ukraynanın qarşılıqlı güzəştlərə hazır olması inandırıcı görünmür. Amma bu il ABŞ və Türkiyənin birgə səyləri nəticəsində Şərqi Avropada sülh əldə oluna bilər".