"O, mənim üçün avtoritet deyildi"  - İvanişvili məhkəmədə ifadə verib

"Dünyanın siyasi tarixində ikinci belə bir misal mövcud deyil, bunu tam səmimiyyətimlə deyirəm. Bütün xalq arxamca gəlirdi və mənim siyasətdən getməyimi heç kim istəmirdi"

Gürcüstanın sabiq baş nazir, biznesmen Bidzina İvanişvili İsveçrə bankı ilə aralarındakı iddia ilə bağlı Bermud məhkəməsinə ifadə verib.
İvanişvili ifadəsi zamanı hazırkı baş nazir İrakli Qaribaşvilidən danışıb.

"Formula" kanalının məlumatına görə, sözügedən ifadə 18-19 noyabr tarixlərində verilib.

Məlumata əsasən, hazırkı baş nazir İrakli Qaribaşvili daha əvvəl Bidzina İvanişvilinin müşaviri vəzifəsini icra etdiyi vaxtlar müxtəlif müqavilələrin imzalanmasında iştirak edib.

İfadə zamanı Bidzina İvanişvilidən Qaribaşvilinin konkret dövrdə onun müşaviri olaraq hansı fəaliyyət göstərdiyi barəsində sual verilib, İvanişvili isə belə cavab verib:

"Qaribaşvili mənim üçün avtoritet bir insan və ya o maliyyəçi deyildi. Qarşı tərəfdəki bank müqavilənin imzalanması barəsində mənə xəbər verirdisə, bunu Qaribaşvili necə yoxlaya bilərdi?".

Konkret dövrdə Qaribaşvilinin öhdəliyinin nədən ibarət olmasına gəldikdə isə İvanişvilinin cavabı bu cür olub:

"Deleqasiyaya göndərilən məktublar, onlarla görüşün vaxtının təyin edilməsi, pulun köçürülməsi, zənglərin edilməsi kimi məsələlər. Qaribaşvili haqqında kiçik bir qeyd deyəcəyəm və ümumiyyətlə, köməkçilər üçün yaxşı olacaq. Qaribaşvili mənim üçün avtoritet deyildi. Qaribaşvilinin nə hüquqi, nə maliyyə savadı var idi".

Siyasi fəaliyyətindən də danışan Bidzina İvanişvili bildirib ki, siyasətdə çox məşhur bir şəxs idi və insanlar onun ölkənin siyasi həyatından getməyini istəmirdilər:

"Siz siyasət tarixində bunu görə bilməzsiniz, komanda gəldi və qələbə çaldı, ölkənin birinci şəxsi seçildim və əhaliyə verdiyim bütün sözləri həyata keçirdim. Bir il sonra, pik nöqtəsində olduğum zaman vəzifədən getdim. Dünyanın siyasi tarixində ikinci belə bir misal mövcud deyil, bunu tam səmimiyyətimlə deyirəm. Bütün xalq arxamca gəlirdi və mənim siyasətdən getməyimi heç kim istəmirdi", - deyə B. İvanişvili ifadəsində bildirib.
Qeyd edək ki, "Credit Suis" ilə mübahisə 400 milyon dolların mənimsənilməsi ilə bağlıdır.

www.24news.ge