Alimlər heyrətlənib: Afrikada COVİD tarixə qovuşub


Zimbabvedə cəmi 27 yoluxma faktı var, ölüm sayı isə sıfırdır

Peyvəndləmədə geniş imkanlar, yüksək səviyyəli səhiyyə xidmətləri, tibbi sığorta… hər cür  şərait olduğu halda koronavirusun sürətini azalda bilməyən Avropa ölkələrinə rəğmən inkişafdan geri qalmış bəzi Afrika ölkələrində yoluxma və ölüm faizi çox aşağı səviyyədədir. Bu isə elm adamlarını heyrətləndirir və düşünməyə vadar edir. Nədən? Yeni növ koronavirus ortaya çıxanda elm adamları Afrikanın inkişaf  etməmiş ölkələrində yoluxma və ölüm sayının milyonlarla insanı əhatə edəcəyi proqnozu verirdilər. İndiyədək Afrikada nə qədər insanın virusa yoluxduğu və öldüyü bilinmir, amma gözlənilən fəlakət senarisi də baş vermədi. 

“Şərq” “Milliyet.com”a istinadən bildirir ki, məsələn, Afrika ölkəsi Zimbabvedə koronavirus çoxdan keçmişdə qalmış virus hesab edilir. Siyasi partiyalar mitinqlərini keçirir, konsertlər düzənlənir, insanlar istədikləri şəkildə bir yerə toplanırlar. Zimbabve səhiyyə naziri noyabrın 22-nə olan məlumatı açıqlayaraq qeyd edib  ki, ölkədə cəmi 27 yoluxma faktı müəyyənləşib, ölüm sayı isə sıfırdır. Dünya Səhiyyə Təşkilatının məlumatında da iyul ayından etibarən ümumilikdə Afrika qitəsində yoluxma sayının çox aşağı olduğu bildirilir. Kolumbiya Universitetinin mərkəzi sağlıq kürsüsü professoru Vafaa əl-Sadr deyib ki, Afrika Avropa və ABŞ kimi peyvənd imkanlarına sahib deyil, amma orada durum daha yaxşıdır. Afrikada peyvənd olunanlar cəmi 6 faiz təşkil edir. Bu da elm adamlarının ağlını qarışdırır. 

Bəzi alimlər hesab edir ki, buna səbəb qitədə əhali arasında gənclərin üstünlük təşkil etməsi, şəhərləşmə faizinin aşağı olması və əhalinin havada daha çox vaxt keçirməsini virusun ölümcül təsirindən qorunmada yardımçı olduğunu, genetik amillərin, həmçinin keçirilən digər parazitar xəstəliklərin koronavirusun yayılmasına əngəl törətdiyini səbəb kimi göstərirlər. Uqandada isə ötən həftə qızdırması qeydə alınmış xəstələrin COVİD-19-u digər xəstələrdən daha yüngül keçirdiyi təsbit edilib. Qızdırmanın virusu məhv etməyə yardımçı olduğunun müəyyənləşməsi də elm adamlarını yaxşı mənada heyrətə salıb.  Araşdırmaların nəticəsi “Amerikan Tropikal Tibb və Təmizlik Cəmiyyəti”nin toplantısında bəyan edilib. Nigeriyada isə yoluxmanı peyvəndsiz nəzarət altına almağa çalışırlar. 

Nigeriya Redeemer Universitetinin Yoluxucu Xəstəliklər Mərkəzinin direktoru Kristian Happi isə  “məsələ heç də hər zaman nə qədər pula, imkanlara sahib olmaqda deyil”, söyləyib. Mali hökuməti isə virus ölkəyə ayaq basmadan sərhəd qapılarını bağlamağa müvəffəq olub. Edinburq Universitetinin professoru Devi Sridhar isə deyib ki, Afrika ölkələrinin özünəməxsus mədəni yanaşma tərzi var. Bu ölkələr COVİD-ə səbirlə yanaşdılar, çünki daha öncə Ebola, uşaq iflici və qızdırma xəstəliyini yaşamışdılar”. Nigeriyalı virusoloq Oyevale Tomori bildirib ki, virusu “sərbəst buraxmaq”  kütləvi immunitetin yaranmasına səbəb olur, nəticədə yoluxma faizi gertdikcə azalır, ölüm faizi də aşağı düşür. Hər halda bunlar afrikalı alimlərin qənaətidir.