Fransa bölgəyə sülhün gəlməsini əngəlləyir

Bu ölkənin Azərbaycana münasibəti heç vaxt dəyişməyəcək

"Fransa bu addımları ilə Minsk qrupunu rədd etmək üçün əsas verir. Biz bunu qiymətləndirməliyik"

Parlamentin dünənki iclasında çıxış edən deputatlar Qarabağdakı separatçı rejimin nümayəndələrinin Fransa senatında respublikaçılar fraksiyasının rəhbəri, Valans şəhərinin meri və digər rəsmilər səviyyəsində qəbul edilməsini sərt şəkildə qınayıblar. Millət vəkilləri bu addımı Cənubi Qafqazda yaranmış yeni reallıqları düzgün qiymətləndirə bilməməyin və ikili standartların təzahürü adlandırıblar. Qeyd olunub ki, Fransa qərəzli olduğunu və həmsədr kimi öhdəliklərini yerinə yetirə bilmədiyini açıq-aşkar ortaya qoyur. 

“Fransa parlamentinin hər iki palatası qərəzli qətnamələr qəbul edib”

Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov bildirib ki, yerli hökumət nümayəndələrinin xarici siyasət sahəsində atdıqları addımlar Fransa qanunvericiliyinə ziddir. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın Vətən müharibəsi dövründə, müharibədən sonra və bu gün nümayiş etdirdiyi mövqe Azərbaycan cəmiyyətində və hökumətində haqlı suallara səbəb olub: “Biz bu suallara indi də cavab ala bilməmişik. Fransa parlamentinin hər iki palatası qərəzli və beynəlxalq hüquqa zidd qətnamələr qəbul edib. Azərbaycan torpaqlarının işğal altında olduğu dövrdə Fransanın müxtəlif şəhər və bölgələri işğalda olan ərazilərlə 28 qeyri-qanuni “sənədlər” imzalayıb. Səfirliyimizin fəaliyyəti nəticəsində bunlardan 11-i məhkəmə qərarları ilə ləğv edilib, 2-si barədə isə məhkəmədə iddia qaldırılıb”. 

“Fransa Minsk qrupundan kənarlaşdırılmalıdır”

Deputat Qüdrət Həsənquliyev deyib ki, Fransa Minsk qrupunun üzvü kimi açıq-aşkar Ermənistana, işğalçı dövlətə dəstək olur. O bildirib ki, 44 günlük savaşda minlərlə gəncin tökülən qanlarına görə Fransa da məsuliyyət daşıyır: “Fransa bu hərəkəti ilə bölgəyə sülhün gəlməsini əngəlləyir. Azərbaycan Fransanın Minsk qrupu həmsədrliyindən kənarlaşdırılmasına çalışmalıdır. Mən hər cür təhqirin və zorakılığın əleyhinəyəm. Sadəcə, baş verənlər Fransanın yürütdüyü siyasətin nəticəsidir. Ermənilərə müsbət münasibəti olan bu ölkənin Azərbaycana münasibəti heç vaxt dəyişməyəcək. Azərbaycan bütün sahələrdə Fransa ilə münasibətlərinə yenidən baxmalıdır”.

“Donbasa olmaz, ancaq Qarabağ separatçısına olar?!”

Millət vəkili Fazil Mustafa qeyd edib ki, Azərbaycan əsgəri 44 günlük müharibədə yalnız Ermənistanı məğlub etmədi. Onun sözlərinə görə, bu siyahıda məğlub edilən ölkələrdən biri də Fransadır: “İndi bu məğlubiyyətin acısını çıxmaq üçün bu addım atılır. Azərbaycan nota verəndə Paris elan edir ki, bu, dövlətin rəsmi mövqeyi deyil, hansısa şəxslərin və qurumların fəaliyyətidir”. Deputat xatırladıb ki, bir müddət əvvəl Donbas separatçıları Parisdə nümayəndəlik açsa da, sonradan Qərb ölkələrinin reaksiyasından çəkinərək bunu qapadıb: “Amma Qarabağla bağlı məsələni görməzdən gələrək başqa davranış sərgiləyir. Fransa bu addımı ilə Minsk qrupunu rədd etmək üçün əsas verir. Biz bunu qiymətləndirməliyik. Separatçılar xaricə gedəndə onlara cinayət işi açılmalı, terrorçu kimi axtarışa verilməlidirlər. İkincisi, Rusiyaya etiraz etməliyik. Sülhməramlılar Azərbaycan rəsmilərinin vəzifələrini mənimsəməyə çalışan separatçılarla bağlı real addımlar atmalıdır”.

“Fransa Azərbaycana minnətdar olmalıdır ki...”

Deputat Tural Gəncəliyev də hesab edir ki, Fransanın istər Cənubi Qafqaz, istərsə də dünyanın digər ölkələrində xarici siyasətində ciddi səhvlər müşahidə olunur: “Bu, Fransada lider problemi ilə bağlıdır. Fransa Azərbaycana minnətdar olmalıdır ki, Azərbaycan öz gücünə BMT-nin qətnamələrinin icrasını təmin etdi. Azərbaycan bu gün postmüharibə, postkonflikt dövründə regiona heç bir dəxli olmayan, regiondan tamamilə kənarda yerləşən ölkənin hərəkətlərini qəbul etmir. Fransa bundan sonra Cənubi Qafqaz, xüsusilə Azərbaycanla bağlı siyasətlərində çox diqqətli olmalıdır. Əks halda onların batmaqda olan nüfuzu daha da batacaq”.

“Məgər dünyada statussuz erməni yaşamır?”

Deputat Zahid Oruc isə deyib ki, Vətən müharibəsində Fransa xalqının simpatiyası bizim tərəfdə olsa da, hökumət, parlament və yerli hakimiyyət təmsilçiləri, eləcə də Prezident Makron Ermənistanla vahid səngərdə oldu: “Son 6 ayda Fransa rəsmiləri öz mövqelərində müəyyən dəyişikliklər etdi, ərazilərin minalardan təmizlənməsinə humanitar dəstəklə dövlətimizlə münasibətlərin bərpasına çalışdı. Lakin Lüksemburqu, Avropa Parlamentinin 33-dək üzvünü və dağıdıcı mühacirət qrupunu əleyhimizə təşkilatlandırdılar. Onları siyasi və informativ tezislərlə təchiz etdilər. İrəvana intensiv səfərlərlə məğlubiyyətdən sarsılan xalqı və hakimiyyəti ölkəmizə qarşı səfərbər etməyə çalışdılar. Ona görə də çoxunu bir sual düşündürür - həqiqətənmi fransız ordusu gəlib Rusiya və Türkiyə ilə çiyin-çiyinə Ağdamda sülhün keşiyini çəkmək istəyir? Məgər dünyada statussuz erməni yaşamır? Sualların cavabı hamıya aydındır. Xankəndidə yaşayan sadə erməniyə yox, Parisə gedən siyasi avantüristlərə, Aqanbekyanın davamçılarına, bir də Qərb dövlətlərinin özünə status lazımdır. Çünki bizim regionda “hökmranlıq status”u qazanmaq Qafqazda sülhə ən böyük təhlükədir. Ona görə də Ermənistan və Azərbaycan arasında böyük sülh müqaviləsi imzalansaydı, biz əsl düşmənlərimizi görərdik!”.