İrana hücumun arxasında ABŞ faktoru sezilir


Vaşinqton “Taliban”la İranı qarşı-qarşıya gətirərək rəsmi Tehranı Əfqanıstana müdaxiləyə məcbur etmək istəyir

Dekabrın 1-i İran sərhədçiləri ilə “Taliban” arasında Nimroz əyaləti yaxınlığında sərhəd anlaşılmazlığı səbəbindən toqquşma baş verib. İran sərhədçiləri ilə “Taliban” arasında baş verən toqquşmada tərəflər bir-birinə artilleriya zərbələri endirib. Hətta İrana aid bir neçə sərhəd-keçid məntəqələrinin taliblər tərəfindən ələ keçirildiyi qeyd olunub. İran hakimiyyəti isə postların itirilməsi ilə bağlı yayılan xəbərləri təkzib ediblər: 

“İranın sərhəd-keçid məntəqələrini ələ keçirməsi ilə bağlı şayiələr kökündən yanlışdır”. Əfqanıstanın informasiya və mədəniyyət nazirinin müavini Bilal Kərim bildirib ki, intensiv döyüşlər Əfqanıstanın qərbindəki Nimroz əyalətində baş verib. İran XİN sözçüsü Səid Xətibzadə də döyüşlərin iki ölkə arasında təmaslardan sonra dayandırıldığını bildirib. Tehran iddia edib ki, atışmanı “Taliban” başladıb. Səbəb iranlı fermerlərin sərhədi keçmək istəməsi haqda “yanlış təəssürat”ın olmasıdır. Ehtimal ki, İran tərəfinin qeyd etdiyi kimi, atışmanı “Taliban” başladıb. 

Tərəflər arasındakı gərginliyi “Şərq”ə dəyərləndirən siyasi şərhçi Turan Rzayev deyib ki, “Taliban” İran sərhədçilərinə birdən-birə hücum edib və qeyd olunduğu kimi qısa müddət ərzində “Dheris”, “Dost Məhəmməd” və “Bala-e Siyah Çeşmən” kimi mühüm məntəqələri ələ keçiriblər. Analitik bildirib ki, “Taliban”ın İrana hücumu səbəbsiz deyil: 

“Aydın məsələdir ki, bu hücumun arxasında ABŞ faktoru var. Taliblərin Vaşinqtonun dəstəyi olmadan İrana hücum etməsi real deyil. Heç kəsə sirr deyil ki, hazırda taliblərin əlində ABŞ-a məxsus kifayət qədər texnika və silah var. Bu da realdır ki, rəsmi Vaşinqton bu və ya başqa formada taliblərə bu gün də dəstək verir. Yəni indiki halda bu hücüm Vaşinqtonun sifarişi ilə planlı və məqsədlidir. Vaşinqton “Taliban”la İranı qarşı-qarşıya gətirərək rəsmi Tehranı Əfqanıstana müdaxiləyə məcbur etmək istəyir. Əgər "Taliban” həqiqətən İrana məxsus sərhəd məntəqələrini ələ keçiribsə, rəsmi Tehran gec-tez bu məntəqələri geri alacaq. Əgər ələ keçirməyibsə, gərginlik yenidən alovlana bilər. Məsələ ondadır ki, həm Əfqanıstan, həm də İran ayrı-ayrılıqda müdafiə müharibələrində yenilməz ölkələrdir. Bu ölkələr yerləşdikləri coğrafiyanın bütün təbii üstünlüklərini maksimum istifadə edirlər. Digər tərəfdən, hər iki ölkə ehtimal edilən müdafiəyə qarşı dini idelogiyadan maksimum yararlanırlar. Yaxın keçmişdə İraq-İran müharibəsi və SSRİ-nin Əfqanıstana müdaxiləsi buna nümunə ola bilər. Hər iki müharibədə də hücum edən tərəf hücuma məruz qalandan daha ağır itkilərə məruz qaldı. Prinsip etibarilə, bunu ABŞ da yaxşı bilir. Nəticə etibarilə Əfqanıstan bataqlığında ağır məğlubiyyətə uğrayan ölkələrdən biri də məhz ABŞ-dır”.
Ekspert bildirib ki, indiki halda rəsmi Vaşinqton "Taliban"ı İran ərazisinə müdaxilə etdirərək Tehranı Əfqanıstana müdaxiləyə məcbur etmək istəyir: “ABŞ bununla onsuz da sanksiyalardan beli bükülən və ağır iqtisadi böhran yaşayan Tehranı iqtisadi və hərbi baxımdan tamam çökdürməyi düşünür. Bundan başqa, belə bir müdaxilə beynəlxalq ictimaiyyətin reaksiyasını çəkə və antiiran koalisiyasının yaranmasına səbəb ola bilər. Amerika bunu bir dəfə İraqda Səddam Hüseynə qarşı edib. Vaşinqton İraqa müdaxilə etmədən öncə İraq-İran müharibəsi yaratmış, Səddamın öz gücünü tükətməsini gözləmiş, sonda isə bu ölkəyə müdaxilə etmişdi. Görünür, ABŞ vaxtilə İraqa etdiyini indi də İrana etmək istəyir”. 
T.Rzayevə görə, “Taliban” bu addımı ilə beynəlxalq mənfi imicini müsbətə çevirmək istəyir: "Taliban" İranı öz üzərinə çəkərək həm sünni müsəlman ölkələrinin, həm də Qərbin dəstəyini qazanmaq, bu yolla da həm də Əfqanıstanın leqal hakimiyyəti olduğunu qəbul etdirmək istəyir. Yəni mövcud gərginlik davam edəcəyi təqdirdə prosesi sünni-şiə qarşıdurması fonunda təqdim etmək və "Taliban"ı məzlum olaraq göstərmək, onun mənfi imicini müsbətə çevirə bilər. Onu da deyim ki, ABŞ bunu bir dəfə YPG, PYD ilə edib. Vaşinqton qeyd olunan kürd terror birləşməsini də İŞİD-lə mübarizəsi fonunda qəhrəman elan edərək Qərbdə imicini artırmışdı. Rəsmi Tehranın Vaşinqtonun tələsinə düşüb-düşməyəcəyini isə hər halda zaman göstərəcək”.