Ərdoğan barış tərəfdarıdır

Tərəflər Ankaranın səmimi vasitəçiliyinə bel bağlayır

Ancaq qısa müddətdə Ukrayna probleminin həll olunacağı real deyil

Moskva-Kiyev arasındakı gərginliklə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon əlaqəsi saxlayacaq. Türkiyənin Milli müdafiə naziri Hulusi Akar bildirib ki, Ankara bu məsələnin tərəflər arasında heç bir gərginliyə yol vermədən siyasi yollarla həll edilməsinin tərəfdarıdır. Akar iki ölkə liderinin bir çox məsələlərə toxunacağını əlavə edib: “Türkiyə Ukrayna ilə Rusiya arasında vasitəçilik edəcəyini istisna etmir”. Xatırladaq ki, bir müddət öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna ilə Rusiya sərhədindəki vəziyyətin təhlükəli həddə çatması ilə bağlı mövqeyini bildirib. Ərdoğan qeyd edib ki, Ankaranın mövqeyi bəllidir: 

“Bölgədə barışın olmasına tərəfdarıq. Dost Rusiya və cənab Putinlə bu məsələləri dəfələrlə müzakirə etmişik və edirik də. Arzumuz odur ki, bu bölgə müharibənin yox, sülhün hakim olduğu bölgə olaraq gələcəyə yürüsün. Bununla bağlı vasitəçilik, tərəflərlə müzakirələr mümkündür. İstər Ukrayna ilə, istərsə də cənab Putinlə müzakirələri davam etdirərək, gələcəkdə məsələnin həllində bizim də payımızın olmasını istərdik”. 

Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov da deyib ki, əgər Türkiyə lideri bu məsələni telefon danışığında qaldırsa, onda Rusiya Prezidenti Vladimir Putin Ərdoğanla Ukraynanın cənub-şərqindəki vəziyyətlə bağlı müzakirə aparacaq. Peskov əlavə edib ki, Ərdoğan Donbasdakı vəziyyəti həll etmək üçün Ukrayna Prezidenti Vladimir Zelenski üzərindəki nüfuzundan istifadə edərsə, bu, yalnız alqışlana bilər. Qeyd edək ki, Ərdoğanın Türkiyənin Ukrayna və Rusiya arasında vasitəçi kimi çıxış etməyə hazır olduğunu bəyan etməsi Vladimir Zelenski tərəfindən də müsbət qarşılanıb.

Türkiyənin vasitəçilik təklifi ilə bağlı “Şərq”ə danışan politoloq Məhəmməd Əsədullazadə “Şərq”ə bildirib ki, hazırda Ankara-Moskva arasında strateji tərəfdaşlıq var. Analitikin sözlərinə görə, Türkiyə Rusiya ilə bir çox məsələdə ortaq məxrəcə gələ bilər: 

“Bunu Suriya, Liviya və Qarabağda görmüşük. Liderlərin şəxsi keyfiyyətləri kifayət qədər ciddi və ziddiyyətli məsələlərdə çıxış yolunun tapılmasına, müzakirələrin başlanmasına imkan yaradır. Həmçinin, Rusiya və Türkiyənin regional maraqları da ortaq məxrəcə gəlməyi zəruri edir. Ukrayna məsələsində ciddi böhran davam edir. Vəziyyət olduqca gərgindir. Amma Rusiya etiraz etmədən Donbasla bağlı müzakirələrdə Türkiyənin vasitəçiliyini qəbul edə bilər. Amma Krımla bağlı müzakirələr Kreml üçün mürəkkəb və qəbuledilməzdir. İstənilən halda danışıqların başlanması mümkündür. Lakin qısa zamanda Ukrayna probleminin ümumən çözüləcəyinə əmin deyiləm. Çünki Ukrayna böyük qlobal güclərin, Qərb dövlətlərinin maraqlarının toqquşduğu plasdarmdır. Bölgədə ABŞ-ın ciddi maraqları var və Türkiyə NATO çərçivəsində Amerikanın müttəfiqidir. Amma Türkiyə-Rusiya danışıqları fonunda Donbasda atəşkəsin əldə olunması realdır”.