Gürcüstana qayıdan daha 100 miqranta qrant veriləcək

Xarici ölkələrdən Gürcüstana qayıdan 100-dək ölkə vətəndaşına gəlir mənbəyi yaradılması, işlə təmin edilmələri və məşğulluqlarına dəstək məqsədilə qrant veriləcək.

24News.ge xəbər verir ki, bu barədə Qaçqınlar üzrə Agentlik məlumat yayıb.

Bildirilir ki, sözügedən qrantın verilməsinin məqsədi reinteqrasiya prosesinə dəstək olmaqdır:

"Ölkəyə qayıdan və dövlət tərəfindən maliyyə alacaq 100-dək miqrant xüsusi komissiya tərəfindən öncədən hazırlanmış meyarlar əsasında seçilib. Proqram iştirakçıları işə başlamaq və onu genişləmdirmək üçün lazımi texnika və inventarları özləri seçiblər. Vətənə qayıtdıqdan sonra, onların gəlir mənbələrinin olması və ölkəni tərk etməyə məcbur qalmamaları çox önəmlidir", - deyə agentliyin rəhbəri Beserian Simoişvili bildirib.

Proqram həmçinin miqrantların peşə təhsilinə dəstək, tibbi dəstək və müvəqqəti yaşayış yeri ilə təmin edilmələrini də nəzərdə tutur.

Qrant təqdim ediləcək miqrantların siyahısı qaçqınlar üzrə agentlik tərəfindən tərtib ediləcək.