“Türkiyə-Rusiya müharibəsinin qarşısını mən aldım” – Şok iddia

Türkiyəli iş adamı, media maqnatı, sabiq millət vəkili və dövlət naziri olmuş Cavit Çağlar ölkəsi ilə Rusiya arasında savaşın qarşısını aldığını iddia edib.

Sherg.az teleqraf.com-a istinadən bildirir ki, o, irəli sürdüyü iddia ilə bağlı əlavə detal verməyib.

2015-ci il noyabrın 24-də Rusiyaya məxsus SU-24 döyüş təyyarəsi Suriya istiqamətindən Türkiyə sərhədlərini pozduqdan sonra türk "F-16"ları tərəfindən vurulması nəticəsində bir rus pilot həlak olmuşdu. Bu hadisə Rusiya tərəfindən şiddətlə qarşılanmış, iki ölkə arasında gərginliyi artırmışdı.

Çağlar həmin vaxt Prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında vasitəçilik etdiyini bildirib.

"Hulusi Akarla yaxşı dostluğumuz var. Biz o vaxtdan dostuq. Mənə dedi ki, vəziyyət çox pisdir, hər an üz-üzə gələ bilərik. Onda dedim ki, həll edərik. Məndən bunu necə həll edəcəyimi soruşdu. Bundan sonra Rusiyaya getdim. Bu haqda daha çox danışmaq istəmirəm. Hulusi Akar mənim köhnə dostumdur. Mənim Rusiyada da çoxlu dostlarım var. Mən dostluğa çox dəyər verirəm", - iş adamı deyib.

Cavit Çağlar 2017-ci ildə Rusiya Prezidenti Putin tərəfindən "Dostluq" ordeni ilə təltif edilib.