Saakaşvilinin anası: "Oğlumun səhhəti yenidən pisləşməyə doğru gedir"

"Onu Qoriyə gətirdikləri zaman bir müddət yaxşı idi, ancaq hiss edirəm ki, indi yenidən səhhəti geriyə doğru gedir".

Sherg.az 24News.ge istinadən xəbər verir ki, bu barədə Mixeil Saakaşvilinin anası, Qiuli Alasania sabiq prezidentin sağlamlıq vəziyyətini şərh edərkən deyib.

O, deyib ki, hazırki sistem onun oğluna qarşıdır:

"Mənim müəyyən suallarım var. Hər biriniz bilirsiniz ki, bu sistem mənim oğluma qarşı yönəlib. Təəssüflər olsun ki, mənim oğlum sistemin əlindədir və bütün burada baş verənlər sistem tərəfindən nəzarətdə saxlanılır. Mənim bu sistemə qarşı inamım yoxdur. Onu buraya gətirdikləri zaman bir neçə gün yaxşı kimi görünürdü. Ancaq, hiss edirəm ki, indi yenidən səhhəti geriyə doğru gedir. Mən həkim deyiləm, analizlərlə də tanış deyiləm, ancaq gördüklərim mənə bunu deyir.

Məndə belə bir təəssürat yarandı ki, onun bu vəziyyəti sıravi yorğunluq və əsəbdən deyil. Hesab edirəm ki, bu dərmanların təsirindən olur və dərmanları hansı formada qəbul etdiyini bilmirəm. O, daha əvvəl koronavirus keçirib. Daha sonra müalicə də edilmişdi və özünü yaxşı hiss edirdi. Tez-tez Kiyevə gedirdim və qarşımda aktiv bir insan görürdüm, indi isə tam fərqli mənzərədir. Mənim bir çox suallarım var, lakin heç bir zəmanətim yoxdur. Həkimə güvənmək məsələsində isə danışmağa belə dəyməz. Ola bilər həkimlər yaxşı olsunlar, ancaq onun qidalanmasına kim nəzarət edir? Hər şey DTX-nın əlindədir, bağışlayın, ancaq mənim onlara da güvənim yoxdur", - deyə Saakaşvilinin anası əlavə edib.