ABŞ dekabrın 9-10-da onlayn formatda “Demokratiya sammiti” təşkil edib. Keçirilən sammit dünya ölkələrində bir sıra suallar yaradıb. Dəvət olunan dövlətlər sırasında Anqola, Botsvana, Namibiya, Zambiya, Fici, Marşal adaları, Vanuatu, Nepal, Barbados, Panama, Surinam və s. var idi. MDB məkanından Bayden Ermənistan, Moldova, Ukrayna və Gürcüstanı “Demokratiya zirvəsi”nə çağırıb. Azərbaycan, Türkiyə, Rusiya, Macarıstan isə sammitə dəvət edilməyənlər siyahısında yer alıb.
Azərbaycan və Türkiyənin sammitdən kənar qalmasını “Sherg.az”a dəyərləndirən politoloq Tofiq Abbasov bildirib ki, demokratiya çox həssas prosesdir:
“Əvvəli olan, sonu qeyri-mövcud sonsuzluqdur. Demokratiyanı ağaca bənzətsək, gərək o, milli zəmində yetişsin. Onu bir gündə süni surətdə inkubator rejimi ilə həll etmək olmaz. Amerika dünyanı inandırmağa çalışır ki, guya demokratiyanın beşidir. ABŞ özü barbarlıq dövründə bir neçə mərhələdən keçib. Orada qanlar tökülüb, vətəndaş, şimalla cənub müharibəsi, milli zəmində olan qarşıdurmalar və.s hadisələr baş verib. Onların qaradərililəri necə amansızcasına qətlə yetirdiklərinə şahid olduq. Sonra da “abırsızca” demokratiyadan danışırlar. Ermənistanın daxilindəki “adamyeyənlər”in nə işlə məşğul olduğunu görmürlərmi? Ermənistan hansı davranışına görə demokratiya ilə uzlaşır?!”
Politoloqun sözlərinə görə, “sirk” tamaşasında iştirak etmədiyimiz üçün sevinməliyik:
““Sirk”ə qatılanlar da ABŞ-ın bu “düşük” təşəbbüsünə dəstək verirlər. Keçirilən sammit çox biabırçı tədbirdir. Bəlli olmayan meyarlarla demokratiyanın olub-olmadığı qənaətinə gəlirlər. Sözün əsl mənasında proses absurddur. Qeyd etdiyimiz kimi demokratiya milli zəmində yaranır. Hər bir İslam dövlətlərinin özünəməxsus demokratiyası var. Qərb bunu bilərəkdən inkar edir. Səbəb isə müsəlman dövlətlərini dağıtmaq, istismar etməkdir.
Belə olan halda “qondarma” sammitdən uzaq durmaq ən düzgün seçimdir. Hesab edirəm ki, indiki məqamda Azərbaycan bəxti gətirən ölkələrdəndir”.