Növbəti mərhələ:“ABŞ və NATO Rusiyanı öz sərhədləri içərisinə həbs etmək istəyir” 

Avropa İttifaqı Ukraynaya qarşı işğal siyasətinin Rusiyaya baha başa gələcəyini bildirib. Bu barədə Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel jurnalistlərə açıqlama verib. J.Borrel qeyd edib ki,  Avropa İttifaqı ABŞ və Böyük Britaniya ilə birlikdə Rusiyaya qarşı yeni iqtisadi sanksiyaları müzakirə edir:
“Lakin hələlik bununla bağlı qərar verilməyib. Biz çəkindirən mövqedən çıxış edirik. Ukraynaya qarşı işğal siyasəti Rusiyaya baha başa gələcək”. 

Avropa İttifaqının Rusiyaya qarşı təzyiqlərini “Sherg.az”a şərh edən "Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, analitik Elçin Xalidbəyli bildirib ki, ABŞ və NATO Rusiyanı öz sərhədləri içərisinə həbs etmək siyasəti yürüdür:

“Hazırda Rusiyaya qarşı genişmiqyaslı hərbi-siyasi əməliyyat başladılmış kimi görünür. ABŞ və NATO bu ilin ilk yarısında da Ukrayna üzərindən oxşar əməliyyata start verib. Ancaq həmin əməliyyat uğursuzluqla nəticələnib. Çünki Rusiya ABŞ və NATO-nun hərbi təhdidləri qarşısında geri çəkilməyib. Hətta silahlı toqquşma variantına belə, hazır olduğunu büruzə verib.Təbii ki, ABŞ və NATO Rusiya ilə silahlı toqquşmaya cəsarət etməyib və geri çəkilmək məcburiyyətində qalıb. Yəni Rusiya ABŞ və NATO üzərində siyasi-psixoloji qələbə qazanmış olub. Rusiyanı sıxışdırmaq planları baş tutmayıb. 
Ancaq indi ABŞ və NATO Rusiyaya qarşı hərbi-siyasi əməliyyatın növbəti mərhələsinə başlayıb”.

E.Xalidbəyli bunu da qeyd edib ki, bu dəfə də Kremlin sıxışdırılması prosesinin mərkəzinə məhz Ukrayna yerləşdirilib:

“Ağ Ev Ukraynadan Rusiyaya qarşı istifadə etməyə çalışır. ABŞ-ın əsas hədəfi ondan ibarətdir ki, Rusiyanın Ukrayanaya hərbi müdaxilə etməsinə nail olsun. Bu halda Ağ Ev Rusiyaya qarşı daha sarsıdıcı beynəlxalq maliyyə-iqtisadi sanksiyaların tətbiq olunmasına bəhanə qazanmış olacaq. 

Ağ Evdən verilən açıqlamalarda “Əgər, Kreml Ukraynaya hərbi müdaxilə qərarı verərsə, Rusiyaya qarşı vaxtilə bizim tətbiq olunmasından çəkindiyimiz sanksiyaları işə salmalı olacağıq” mesajı yer alır. Bu, o deməkdir ki, Ukraynaya qarşı hərbi müdaxilə Rusiyaya ağır maliyyə-iqtisadi sanksiyalar hesabına başa gələ bilər. Bu halda, ABŞ və Qərbin Rusiyanı beynəlxalq maliyyə-iqtisadi sistemdən təcrid etmək niyyəti kifayət qədər ciddi görünür. Rusiyanın iqtisadiyyatı isə belə ağır sanksiyalara tab gətirmək imkanından uzaqdır. Ona görə də, beynəlxalq maliyyə-iqtisdadi sistemdən təcrid olunacağı təqdirdə Rusiyada daxili sosial-siyasi təlatümlər baş verə bilər. Belə təlatümlərin prezident Vladimir Putinin istefasının kütləvi şəkildə tələb olunmasına qədər inkişaf edə biləcəyi də qətiyyən istisna deyil. Belə anlaşılır ki, ABŞ və Qərb Rusiyanın öz sərhədləri içərisinə həbs edilməsinə nail olmaq istəyir. Ona görə də Ukraynanı qurban vermək niyyətindədir. Əsas hədəf Rusiya olsa da, mühüm hərbi zərbə məhz Ukraynaya tuş gələ bilər. Bu isə müəyyən mənada, Bayden administrasiyasının Putin hakimiyyəti ilə “şahmat” oynamağa çalışdığını göstərir”.

Müsahibimiz diqqətə çatdırıb ki, bu vəziyyətin Rusiya üçün iki inkişaf istiqaməti ola bilər:

“Ən pisi də odur ki, hadisələrin hər iki inkişaf yönü Rusiyanın maraqlarına ziddir. Birinci aspekt ondan ibarətdir ki, Rusiya “Ukraynanın qurban verilməsi”nə adekvat reaksiya üçün cəsarət göstərə bilər. Yəni Rusiyanın Ukraynaya hərbi müdaxilə variantı qətiyyən istisna deyil. Bu halda, Rusiya daha ağır beynəlxalq təzyiqlərə də hazır olmalıdır. Üstəlik, Kreml həmin sanksiyaların doğuracağı nəticələr – sosial-iqtisadi böhran, kütləvi etiraz dalğasından qaynaqlanacaq.Ö lkədaxili xaos, hətta proseslərin sonrakı inkişafında Rusiyanın federativ subyektlərinin mərkəzdənqaçma meyillərini düşünmək məcburiyyətində qalacaq.

Hadisələrin ikinci istiqaməti isə Kremlin Rusiyaya qurulmuş “tələ”dən yayınmaq üçün geri çəkilməsi ola bilər. Belə olduqda Rusiya özünə qarşı müqavimət hərbi-siy asi mexanizmlərini itirmiş olacaq. Bu, ABŞ və Qərbin gələcək təzyiq və təhdidlərinə münasibətdə baş verə bilər. Rusiya beynəlxalq siyasi iradə, mərkəzi və ya superdövlət statusunu itirməklə üzləşə bilər. Bu isə Rusiyanın beynəlxalq siyasi iradə mərkəzlərinin maraqları çərçivəsində idarə oluna biləcək. Həmçinin öz sərhədləri içərisinə çəkilmiş adi dövlətlərdən birinə çevrilməsi anlamı daşıyacaq.

Ona görə də, məqsəd hazırda Kreml Rusiyanın gələcək taleyini və beynəlxalq prestijini xilas etməlidir. Bu səbəbdən üçüncü variantın axtarışına başlayıb. Belə bir yolun aktuallaşması üçün isə Kremlin əlində Rusiyanın nüvə silahından başqa heç bir mexanizm yoxdur. Hazırda Kremlə yaxın siyasi dairələr Rusiyanın öz maraqlarını qorumaq üçün rəqiblərinə qarşı nüvə silahından istifadə edə biləcəklərinin mesajını verirlər. 

Yəni, Kreml bununla ABŞ və Qərbə “Rusiyanı nüvə zərbəsi endirməyə məcbur etməyin” xəbərdarlığını edir. Bu baxımdan Ukrayna ətrafında yaranmış vəziyyətin daha təhlükəli inkişaf perspektivləri də olmamış deyil”.