Ağ Ev sükutu pozdu


ABŞ İlham Əliyevlə Paşinyanın fikirlərini birbaşa özlərindən öyrənmək istəyirdi

"Amerikanın Cənubi Qafqazda maraqları ondan ibarətdir ki, bölgə tamamilə təhlükəsiz bir bölgəyə çevrilsin"

ABŞ Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüşü alqışlayıb.
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays öz “Twitter” səhifəsində yazıb.
"ABŞ Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə baş tutmuş son görüşlərini alqışlayır. Biz regiona sülh gətirən birbaşa əlaqələri qətiyyətli şəkildə dəstəkləyirik" - deyə o, bildirib. 
ABŞ-ın məhz Brüssel görüşündən sonra prosesə dair münasibət bildirməsi olduqca maraqlıdır. Mövzu barədə “Şərq”ə danışan politoloq Elxan Behrudi bildirib ki, ABŞ-ın Cənubi Qafqazın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı öz maraqları var.

“İndi Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının, sülh sazişinin imzalanması prosesi gedir,  burada bəzi detallar var. Sərhədlərin qarşılıqlı tanınması, delimitasiya və demarkasiya məsələsi, Zəngəzur koridorunun statusunun həll olunması, koridormu, yoxsa beynəlxalq yolmu olacağı məsələləri və s. Ondan sonrakı mərhələdə Ermənistanın Qarabağ ərazisini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tanıması, bunlar hamısı post-müharibə dövrünün həll olunmamış məsələləridir. 

Brüssel görüşü hər iki tərəfin bu məsələlərin həlli yönündə mövqelərini ortaya qoyması ilə nəticələndi. Amerikanın da Cənubi Qafqazda maraqları ondan ibarətdir ki, Cənubi Qafqazın təhlükəsizliyi təmin olunmalıdır. Təhlükəsizliyin təmin olunması nə üçün lazımdır? Bizim karbohidrogen daşıyıcılarımızın xətləri və Orta Asiyadan gələn enerji resurslarının daşıyıcı xətləri Azərbaycandan və  Gürcüstandan keçərək Avropaya nəql olunacaq. Əslində Avropa ölkələrinin və  Amerikanın Azərbaycanın karbohidrogen ehtiyatlarının üzərində pay sahibi olan şirkətləri var. Bunların bütün bu proseslərdə təhlükəsizliyinin həlli üçün Cənubi Qafqaz təhlükəsiz bir bölgəyə çevrilməlidir. İşğaldan azad olunmuş bölgələrdə minalanmış ərazilərin təmizlənməsi yönündə Amerikanın əməkdaşlıq etməsinə Azərbaycanın da ehtiyacı var. Görünən odur ki, həm Amerika, həm Avropa ölkələrinin indiki mərhələdə Azərbaycandan və Ermənistandan istəkləri ondan ibarətdir ki, bir an öncə bu sülh sazişi imzalansın və iki konflikt və revanşist bəyanatlar artıq səngimiş olsun. Yeni iqtisadi əlaqələr mərhələsinə keçilsin”.

Elxan Behrudi həmçinin bildirib ki, Amerika Minsk qrupunun vasitəsilə proseslərə daha yaxından qoşula bilər: 

“Minsk qrupunun hüquqi sonluğu baş verməyənə qədər bu qrupda olan ölkələr üçlüyü bu və ya digər formada Azərbaycanla və Ermənistanla o qurum üzərindən əməkdaşlıq etməyə çalışacaq. Minsk qrupunun fəaliyyəti və səlahiyyətləri müharibə və konfliktin sona çatmasından da əlavə post-konflikt dövründən sonrakı mərhələdə Ermənistan, Azərbaycan və bölgə ölkələrinin qarşılıqlı fəaliyyətini koordinasiya etmək üzərinədir. Əslində təbii ki, ABŞ Azərbaycanda və Cənubi Qafqazda hər hansı bir siyasi fəaliyyəti koordinasiya etmək istəsə, bunu Minsk qrupunun vasitəsilə etmək istəyəcək. Əslində, bizim Minsk qrupunun fəaliyyətləri sona çatdı, deyə mövqeyimiz də yoxdur. Burada Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Minsk qrupu Qarabağın statusunu artıq qabartmasın, Qarabağ məsələsinin həll olunmasını qəbul etsin. Ondan sonrakı mərhələdə bütün humanitar məsələlərdə əməkdaşlıq çox güman ki, davam etdiriləcək”.

Politoloq Amerikanın Brüsseldən fərqli olaraq Soçi görüşünə reaksiya verməməsini belə izah edib:

 “Rusiya olduğu yerdə Amerikanın mövqeyi hər zaman fərqlidir. Soçi görüşündən sonra Brüssel görüşünün keçirilməsi də ondan ibarətdir ki, birbaşa prezidentlərin, birinci şəxslərin mövqeyindən bu problemin gələcəyə baxışı dinlənmiş olsun. Mövqeləri ortaya qoyulmuş olsun və bu yöndə də Avropa Şurasının və yaxud da Avropa ölkələrinin, Amerikanın bu yöndə fəaliyyətinin nədən ibarət olacağının müzakirəsi olunsun. Ona görə də Amerika da, Avropa da bu bölgəyə aid siyasi və hərbi məsələlərin Avropa ölkələrinin bəzi qurumları tərəfindən  və Amerikanın da iştirakı ilə həllinə daha çox müsbət yanaşır, nəinki Rusiya, Azərbaycan və Ermənistan arasındakı məsələlərin koordinasiyasına”. 
Sənan İsmayıl