Putin- Mask  görüşü gözlənilir...


Kreml bəyan edib ki, Rusiya prezidenti Vladimir Putin və Cənubi Afrika əsilli milyarder İlon Maskın çoxdan gözlənilən görüşü ola bilər.
 “Sherg.az” “HaberTürk”ə istinadən xəbər verir ki, Putinin mətbuat katibi Dmitri Peskov Putinin  Rusiyaya sərmayə qoymaq istəyən əcnəbilərlə görüşməkdə həmişə maraqlı olduğunu bildirib və bu, Mask da ola bilər: "V.Putin, şübhəsiz ki, xarici iş adamları ilə görüşlərə açıqdır. O, mütəmadi olaraq hər il  fransız, alman və s.  bazarımızda böyük nüfuzu olan iş adamları ilə görüşür. Bilirik ki, İlon Mask bizim bazarımızda yoxdur. Amma o da,  zamanla maraqlanacaq. Ümid edirik ki,  onunla görüşə bilərik”

Fevral ayında Mask Putini "Clubhouse" proqramı vasitəsilə  söhbət etməyə dəvət edib. "Sizinlə danışmaq böyük şərəf olardı" deyə vurğulayıb. Kreml həmçinin Maskın dəvətinin maraqlı olduğunu və görüş ehtimalının istisna edilmədiyini bildirib. Lakin hələlik görüş baş tutmayıb.
Belə bir addımdan sonra may ayında Rusiya Sənaye və Ticarət Nazirliyi Tesla-nın CEO-sunu ölkədə fabrik açmaq üçün danışmağa dəvət edib.
Qeyd edək ki, Mask dünyanın ən dəyərli avtomobil istehsalçısı olan "Tesla"  ilə yanaşı, həm də kosmik nəqliyyat şirkəti "SpaceX"in yaradıcısıdır. Oktyabr ayında "Forbes" milyarderin sərvətini 271,3 milyard dollar dəyərində qiymətləndirərək onu dünyanın ən zəngin insanı kimi tanıdı. Bu həftə "TIME" jurnalı Maskı 2021-ci il üçün “İlin adamı” elan etdi.

Cəmilə ƏZİM