Fransada türk-müsəlman seçicilərinin sayı milyonlarladır

Səs axtaran fransız siyasətçiləri bu tərəfə yönəltmək üçün Türkiyə və Azərbaycan birgə çalışmalıdır

“Fransada 500 minə yaxın erməni əsilli vətəndaş yaşayır. Onlardan isə sadəcə 200-250 minə yaxınının səsvermə hüququ var. 70 milyon əhalisi olan ölkədə 200-300 min səsə görə Fransa siyasətçilərinin özlərini oda-közə vurması, absurd bəyanatlar verməsi həm ikrah, həm də təəssüf doğurur”. 

Bu baradə ReAL Partiyasının sədr müavini Natiq Cəfərli deyib. Partiya təmsilçisi bildirib ki, Fransa kimi demokratik ənənələr yaradan, dünyada bu ənənələrin yayılmasında önəmli rolu olan bir ölkədə erməni seçicilərinin nazı ilə bu qədər oynanılması ikrah doğurur. Amma təəssüf doğuran məqamlar daha çoxdur: 

“Fransada türk-müsəlman seçicilərinin sayı milyonlarladır. Doğru taktiki və strateji addımlarla həmin seçicilərin önəmini vurğulamaqla, Fransa siyasətçilərinin səs “ovunu” bu tərəfə yönəltməklə vəziyyəti dəyişmək olar. Türkiyə və Azərbaycan birlikdə Avropada, ABŞ-da lobbi strategiyası hazırlamalıdır. Bu, qısa, orta və uzunmüddətli addımlar alqoritmindən ibarət olmalıdır. Bu alqoritmlərin doğru çalışması üçün isə ilk növbədə həm Azərbaycanda, həm də Türkiyədə demokratik təsisatların, seçki institutunun önəmi, yeri və çəkisi artırılmalıdır ki, deməyə sözümüz, göstərməyə örnəyimiz olsun. Bundan sonra media ilə, siyasətçilərlə, siyasi partiyalarla, fikir adamları ilə iş qrafiki və prinsipləri müəyyənləşdirilməlidir. Başqa yol yoxdur”.