NATO-Rusiya danışıqlarından nəticə gözləməyə dəyməz

Hərbi Alyans keçmiş sovet respublikalarının 6 ölkəsində mövcudluğunu qoruyur

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell NATO-nun Baş katibi Yens Stoltenberqlə yanvarın 12-nə planlaşdırılan NATO-Rusiya Şurasının iclasına hazırlığı müzakirə edib. Borrell vurğulayıb ki, Avropada təhlükəsizliklə bağlı istənilən müzakirə ATƏT və BMT çərçivəsində müəyyən edilmiş öhdəlik və vəzifələrə əsaslanmalıdır.

Xatırladaq ki, Rusiya tərəfi ABŞ və NATO-ya bir sıra təkliflərin olduğu sənədlər layihəsi təqdim edib. Sənəddə NATO-nun şərqə doğru genişlənməməsinə, alyansın postsovet ölkələri ərazisində hərbi infrastruktur yerləşdirməməsi və postsovet ölkələrini təşkilata cəlb etməməsinə dair Rusiyaya hüquqi zəmanətlərin verilməsi ilə bağlı təkliflər yer alıb. Məlumat üçün deyək ki, yanvarın 10-da Cenevrədə Rusiya ilə ABŞ arasında danışıqların keçirilməsi planlaşdırılır. Rusiyanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sergey Ryabkov, ABŞ-ın nümayəndə heyətinə isə dövlət katibinin birinci müavini Vendi Şerman başçılıq edəcəklər. Güman edilir ki, Rusiyanın təklifləri yanvarın 12-də Rusiya-NATO Şurasının xüsusi olaraq Brüsseldə çağırılan iclasında və yanvarın 13-də ATƏT-in Vyanadakı iclasında müzakirə olunacaq.

Tərəflərin görüş ehtimalından danışan “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov deyib ki, qarşıdakı görüşlərdə hansısa kompromisin əldə olunması mümkündür. Amma ekspertə görə, müəyyən razılaşmanın olması heç də o demək deyil ki, Rusiyanın təklifləri NATO ölkələri tərəfindən qeyd-şərtsiz qəbul olunacaq:

 “Kiçik detallarda hansısa anlaşma mümkündür. Məsələn, sanksiyaların yumşaldılması müzakirə oluna bilər. Amma Hərbi Alyansın genişlənməsi ilə bağlı konkret strategiya var. Gərginliyin nisbətən azaldılması mümkün olsa da, tamamilə aradan qalxması ehtimalı azdır. Ukrayna işğal altındakı ərazilərini azad etməyə çalışır. Rusiya isə separatçılara hərtərəfli dəstək verir. NATO da öz növbəsində Gürcüstanı və Ukraynanı birliyə daxil etmək üçün qarşısına məqsəd qoyub. Hərbi Alyansın Moskvanın tələblərini qəbul etməsi birliyin geri çəkilməsi anlamına gəlir ki, bu da NATO-nun parçalanması ilə nəticələnə bilər. Hərbi Alyans keçmiş sovet respublikalarının 6 ölkəsində mövcudluğunu qoruyur. Qərb ölkələrinin mövqelərinin tədricən gücləndiyi də göz önündədir. O baxımdan Cenevrə görüşündən ciddi nəticə gözləməyə dəyməz”.