Ukrayna böhranından çıxış yolları axtarılır



Növbəti təmasların Azərbaycan-Türkiyə-Rusiya üçbucağında baş tutacağını söyləyə bilərik

   Yanvarın 18-də Prezident İlham Əliyev Rusiya rəhbəri Vladimir Putinə telefonla zəng edib. Telefon söhbəti zamanı Azərbaycan-Rusiya əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olunub, strateji tərəfdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib. Dövlət başçıları son vaxtlar Rusiya-ABŞ arasında təmaslar, Qazaxıstanda vəziyyətin sabitləşməsi ilə bağlı məmnunluq ifadə ediblər. Həmçinin, Ukrayna ətrafında gedən proseslər müzakirə olunub.

Azərbaycan və Rusiya prezidentləri regional təhlükəsizlik məsələləri ilə bağlı da fikir mübadiləsi aparıblar. 

Siyasi şərhçi Aqşin Kərimov “Şərq”ə bildirib ki, Azərbaycan Ukrayna böhranından çıxış yolları təklif edən beynəlxalq diplomatik fəaliyyət maşınının çarxına çevrilir. Ekspertin sözlərinə görə, Prezident İlham Əliyevin Kiyevə səfəri də Rusiya-Ukrayna münaqişəsinin həllinə töhfə vermək məqsədi daşıyırdı: 

“Ölkə rəhbəri İlham Əliyevin səfəri Azərbaycan-Türkiyə-Ukrayna üçlüyünün müştərək maraqlarının bəyanı idi. Eyni zamanda Bakı-Ankara-Moskva maraqlarının Ukrayna mövzusunda uzlaşdırılması baxımından əhəmiyyətlidir. Ancaq hər keçən gün Ukrayna ətrafında yaranan situasiyanı daha da gərginləşdirir və Moskva-Kiyev qarşıdurması ehtimalları güclənir. Belə bir məqamda Qərbin “boz kardinalı” olan Böyük Britaniya Ukraynanı silahlandırır. Görünür, bu, az da olsa Rusiya üçün çəkindirici faktora çevrilir. Yanvarın 18-də Ukraynaya tuşlanan silahların atış vəziyyətindən çıxarılması üçün yüksək səviyyəli siyasi-diplomatik təmaslar davam etdirildi. Tükiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın işğal senarisinin mümkünsüzlüyünə diqqət çəkdi. Cənab Ərdoğan dövlət başçısı İlham Əliyevlə və rusiyalı həmkarı Vladimir Putinlə Ukrayna mövzusunu müzakirə edəcəyini bildirdi. Məhz ölkə başçısı İlham Əliyev Ərdoğanın məlum bəyanatından sonra Rusiya Prezidenti Vladimir Putinə zəng etdi. Ukrayna münaqişəsi də liderlərin müzakirə predmetinə daxil oldu. Növbəti təmasların Azərbaycan-Türkiyə-Rusiya üçbucağında baş tutacağını söyləyə bilərik. Bakının mövqeyinə müraciət edilməsinin səbəblərinə gəlincə, bu, Azərbaycan dövlətinin regional oyunçuya çevrilməsinin göstəricisi kimi qəbul oluna bilər. Təbii ki, Rusiya Ukrayna məsələsində Azərbaycandan dəstək gözləyir, amma ən azından iki səbəbə görə Bakı buna getməyəcək”. 

A.Kərimovun fikrincə, Rusiyaya dəstək ərazi bütövlüyü məsələsində Azərbaycan üçün də təhlükəli presedent yaradar: 

“Üstəgəl, Azərbaycanın siyasətində ölkələrin ərazi bütövlüyü məsələsi qırmızı xətlə keçir. Bakı regional və qlobal miqyasda nüfuz dairələrinin bölüşdürülməsi uğrunda aparılan mübarizədə mövqeyini Ankaranın maraqları ilə uyğunlaşdırır. Təmaslar həm də Britaniya amili ilə bağlıdır. Britaniyanın qlobal siyasətə dair konsepsiyasında Azərbaycanla və Türkiyə ilə əlaqələrin dərinləşdirilməsi məsələsi yer tutur. Azərbaycan postsovet ölkələrindəki prosesləri diqqətlə izləyir və baş verə biləcək hadisələrin ölkəyə təsir etməməsi üçün çalışır. Bakının regional aktora çevrilməsi yeni dünya nizamının yaradılmasına verilən strateji reaksiyadır və bu, dövlət üçün mütləqdir”.