"Qərb Ukrayna üzərində manevr etməyə çalışır"

Samir Hümbətov: "ABŞ Kremli parçalamaq üçün əlindən gələn bütün addımları atır"

Rusiya ABŞ-la dialoqda Moskvaya qarşı sanksiyaların nəticə vermədiyini və siyasətində dəyişikliyə səbəb olmayacağını bildirib. 
Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov məlumat verib. S.Ryabkov qeyd edib ki, amerikalılarla dialoq zamanı onları başa salırıq ki, “Soyuq müharibə”dən miras qalmış sanksiyalar və digər məhdudlaşdırıcı alətlər işləmir:
"Rusiya bu təzyiqə çoxdan uyğunlaşıb. Bu sahədə mümkün əlavə tədbirlər, hansılar ki, qeyri-legitim, qeyri-qanunidir, onlar ABŞ və Qərbin bizim siyasətimizdə axtardığı hər hansı dəyişikliyə təkan verməyəcək. Dəyişikliyə gətirib çıxarmayacaq”.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov "Şərq"ə açıqlamasında deyib ki, ABŞ Ukrayna üzərindən Rusiyaya qarşı öz təzyqlərini artırmağa çalışır:

"Təbii ki, ABŞ-ın başlıca məqsədi Ukrayna ilə birlikdə olmaq yox, Rusiyanı iqtisadi sanksiyalara məruz qoyub, çökdürməkdir. Rusiya isə əslində ABŞ-la qarşı-qarşıya gəlmək niyyətində deyil. Eyni zamanda Rusiya bütün gücü ilə çalışır ki, özünün ətrafında qərb ölkələrinin, xüsusən də ABŞ-ın çevrələmə siyasətini əngəlləyə bilsin. Təbii ki, Pribaltika ölkələri artıq 2004-cü ildə NATO-ya qoşulublar. Eyni zamanda Belarusiyada iqtisadi durumun gərginliyi Lukaşenko hakimiyyətini çıxılmaz vəziyyətə qoyub. Üstəlik də qərbdən rəsmi Minskə qarşı sanskiyalar var. Bu da Rusiyanı ciddi narahat edən məsələlərdəndir. Qərbin Rusiya ilə bağlı digər bir planı isə rəsmi Moskvanın zəngin enerji resurslarına malik olmasıdır. Bundan hələ ki qərb ölkələri, xüsusən də Avropa Birliyinə məxsus olan ölkələr faydalanırlar. Çünki Avropada qaz təchizatı işinin əksər hissəsini Rusiya həyata keçirir. Amma ABŞ bunlara baxmayaraq Kremli parçalamaq üçün əlindən gələn bütün addımları atır. Rusiya da çalışır ki, özünün varlığını qorusun. Ukrayna torpaqlarının şərq hissəsini Rusiyanın dəstək verdiyi separatçıların əlində olması, Krımın Kremlin birbaşa ilhaqına tabe olması kimi məsələlər açıq bir oyundur. Qapalı məkanda isə məlum olduğu kimi, Finlandiya və İsveç NATO-ya qoşulmaq istəyir. Görünür ki, Rusiyanı hər tərəfdən əhatəyə almaq istəyirlər. Rusiya qərbin bu təzyiqlərinə boyun əymək niyətində deyil. Qərb də həmçinin özünün bütün gücü ilə bu siyasətini davam etdirir. Tərəflərdən biri yumşalmaya gedərsə, gərginlik azala bilər. Lakin indiki vəziyyətdə rəsmi Moskvanın Ukrayna sərhədində yüz minə yaxın qoşunun olması, qərb ölkələrindən oraya silah dəstəyinin verilməsi, hətta Kanadadan hərbçilərin göndərilməsi, İngiltərədən silah-sursat təchizatının reallaşması onu göstərir ki, qərb ölkələri Ukrayna üzərindən manevr etməyə çalışır. 

Politoloqun qənaətincə, böyük dairədə olmasa da, kiçikmiqyaslı toqquşmaların baş verməsi ehtimalı mümkündür:

"Amma Türkiyə faktorunun varlığını da nəzərə almaq lazımdır. Türkiyə də ciddi-cəhdlə çalışır ki, yaşana biləcək gərginliyə mane olsun. Təbii ki, Türkiyənin öz dövlət maraqları var. Onun təmin olunması üçün yaxşı fürsət ələ keçib. İnanmıram ki, Rusiya Ukraynanı işğal altına alsın. Edərsə, Rusiyanın parçalanmasının labüdlüyünü ortaya qoyar".