Baydenin köməkçisi: “ABŞ Rusiyanın Donbası ilhaq edə biləcəyini istisna etmir”


Amerika Birləşmiş Ştatları hakimiyyəti Rusiya Federasiyasının Donbası ilhaq edə biləcəyini istisna etmir.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan NBC telekanalına açıqlamasında deyib.

"Rusiya Federasiyasının hərəkətləri bir çox formada ola bilər: Ukraynanın şərqindəki Donbass kimi tanınan əraziləri ilhaq etmək ehtimalı yaxud da kiberhücumlar, siyasi sabitliyin pozulması. Onlar tam miqyaslı şəkildə bir işğala başlaya bilərlər",-deyə C.Sallivan bildirib.

Sallivanın sözlərinə görə, son aylar ABŞ və müttəfiqləri bütün mümkün ssenarilərə hazırlaşmaq üçün çalışırlar:

“Ukraynaya qarşı hər-hansı bir təcavüz olarsa biz müttəfiqlərimizlə birgə Rusiyaya ciddi iqtisadi zərbələr və təzyiqlər edəcəyik”.

Sallivanın sözlərinə görə, Ukrayna ətrafında vəziyyət hər an gərginləşə və işğal baş verə bilər.

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri həmçinin qeyd edib ki, ABŞ Rusiya ilə NATO-nun “açıq qapı” siyasətini müzakirə etmək niyyətində deyil.