Ukrayna poliqona çevrildi! – “Qərbin masası bu ölkəni qırğına verdi” 

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında fevralın 23-də telefon danışığı baş tutub.Telefon söhbətində Türkiyə-Azərbaycan əməkdaşlığının inkişafına yönəlmiş məqamlar, Ermənistanla münasibətlər,eyni zamanda,Rusiya-Ukrayna böhranı başda olmaqla regional məsələlər müzakirə olunub.Liderlər söhbət zamanı ikitərəfli münasibətlər və regional məsələlərdə koordinasiyalı şəkildə hərəkət etmək qərarlarını bir daha təsdiqləyiblər. Eyni zamanda Türkiyə və Rusiya liderləri arasında da telefon danışığı olub. 

Müzakirə zamanı Rusiya-Ukrayna münasibətləri də müzakirə olunub.Prezident Ərdoğan Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qarşı atılan addımları tanımadıqlarını və bunun prinsipial bir mövqe olduğunu bildirib.Minsk razılaşmaları əsasında bir nəticəyə gəlməyin vacib olduğunu dilə gətirib.O problemin daha da mürəkkəbləşməsinin, xüsusilə də hərbi qarşıdurmanın heç kimə fayda verməyəcəyini vurğulayıb.

 Siyasi şərhçi Asif Nərimanlı Rusiya-Ukrayna  münaqişəsində Azərbaycan və  Türkiyənin mövqeyi barədə “sherg.az”a danışıb. O bilirib ki,hər iki ölkə əvvəldən Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir:

 “Rəsmi Bakı Rusiyaya nə qədər yaxın olsa da,Ukrayna ilə bağlı əvvəldən beynəlxalq hüquqa uyğun olaraq öz mövqeyini bildirib. Azərbaycan və Türkiyə hər iki ölkənin masada razılığa gəlməsindən yana olub.Qərbin qurduğu masa isə Ukraynanı faktiki olaraq qırğına verdi. 

Qərb və Rusiyanın oynadığı bu oyunun arxa planında çox güman ki, böyük bir anlaşma var. Onlar Ukraynanı Kremlin “ətçəkən maşın”ın ağzına atdılar.Bu prosesdə, bəlkə də, Ukrayna üçün yeganə çıxış yolu Azərbaycan və Türkiyənin  dəstəyi ola bilər”. 

Analitik Ukrayna prezidentinin BMT Təhlükəsizlik Şurasının iclasındakı çıxışına diqqət çəkib: 

“ Zelenski burda çıxışı zamanı əbəs yerə Türkiyənin adını vurğulamırdı. O bu iclasda şura üzvlərindən başqa Almaniya ilə rəsmi Ankaranın da iştirakını istəyib.   Zelenski bilirdi ki,vəziyyət onun xeyrinə olmayacaq. Burda Türkiyə üzərindən müəyyən bir dəstək qazanmağı hesablayıb.Türkiyə və Azərbaycan  Qərbdən fərqli olaraq əvvəldən məsələnin bu yerə qədər gəlməsinin əleyhinə olub. Onlar bu yolda müəyyən cəhdlər ediblər. Prezident İlham Əliyevin Ukraynaya səfəri, eləcə də, Putinlə danışıqları  eyni zamanda telefon danışıqlarında Rusiya- Ukrayna məsələsini müzakirə etməsi buna sübutdur. Rəsmi Bakı və Ankara arxa planda tərəflər Rusiya-Ukrayna gərginliyini azaltmaq üçün müəyyən cəhdlər etdilər . Bütün bunlar Rusiyanın qarşısını ala bilmədi.Ukrayna rəsmi Ankaradan dəstək istəyib.Türkiyə dövlət başçısı isə Təhlükəsizlik Şurasının iclasını keçirib.Güman ki, bundan sonrakı prosesdə  müharibənin qarşısı alınmağa çalışılacaq”. 

 A.Nərimalı  Amerikanın, Qərb cəbhəsinin   Rusiyanın Ukraynaya girməsində maraqlı olduğunu diqqətə çatdırıb: 

“Hazırda dünyanı nüfuz dairəsinə bölürlər və rəsmi Kiyev bu işdə poliqona çevrildi.Onu göz-görə qırğına verdilər. Ehtimal edirəm ki,Türkiyə bu prosesdə Qərbdən kənar ayrıca bir oyunçu kimi tərəfləri bir araya gətirməyə çalışacaq. Buna nə qədər nail ola biləcəyini isə zaman göstərəcək. Bu işdə rəsmi Bakı da təbii olaraq Türkiyənin yanındadır”.