Gürcüstandakı soydaşlarımız üçün xeyriyyə aksiyası keçirilib

Xocalı faciəsinin 30-cu ildönümü ilə bağlı Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda xeyriyyə aksiyası keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, aksiya Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan nümayəndələyi və Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) dəstəyi ilə baş tutub.

Tədbir çərçivəsində “Çay Evi”ndə Xocalı soyqırımına həsr olunmuş anım mərasimində böyrək çatışmazlığından əziyyət çəkən 200-ə yaxın şəxsə dərman preparatları təqdim olunub. Gürcüstan Azərbaycanılarının İnteqrasiya Mərkəzində (GAİM) isə sağlamlıq imkanları məhdud olan 55 uşağın ailəsinə ərzaq sovqatları paylanılıb.

Azərbaycanın Gürcüstandakı səfirlyinin məsul əməkdaşları, ziyalılar, gənclər və məktəblilərin iştirak etdiyi hər iki aksiyada Xocalı qurbanlarının xatirəsi ehtiramla anılıb. Çıxış edənlər faciənin hər il yad edilməsinin qətliamla bağlı həqiqətlərin gənc nəsillərə ötürülməsi baxımından önəmini vurğulayıblar, Xocalı soyqırımının qurbanları üçün ədalətin bərqərar olmasının vacibliyindən danışıblar.

Soydaşlarımız xeyriyyə aksiyasının təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.