Rusiyada bahalaşma başlandı: Əhali pullarını xilas etmək istəyir


Ukraynadakı müharibə ilə bağlı Qərbin Rusiyaya ağır sanksiyalar tətbiq etməsi, xüsusilə də Rusiyanın bank sisteminin beynəlxalq SWIFT hesablaşma-köçürmə sistemindən kənarlaşdırılmağa başlanması ilə bağlı ölkədə bahalaşma, habelə əhalinin bank hesablarındakı pulları çıxarması prosesləri başlanıb.

Milli.Az RBK-ya istinadən bildirir ki, Rusiyanın əyalətlərində olduğu kimi, paytaxt Moskvada da bankların və bankomatların qarşısında bəzən kilometrlərlə uzunluqda növbələr var.

Vətəndaşlar hesablarındakı pulları nağdlaşdıraraq çıxarmağa can atdıqlarından banklarda nağd pul qıtlığı yaranıb.

Bir çox banklar hesablardan çıxarılan pulun məbləğinə 15 min rublluq limit qoyub.

Rusiyada bahalaşma da başlayıb. Daha çox ərzaq mallarının qiyməti qalxır.

Eyni zamanda, otellər də müştərilərdən erkən ödəniş tələb etməyə başlayıblar.

NBC News-un Moskva müxbiri Raf Sançes deyib: "Qaldığım oteldə "Hesabı erkən qapatmaq, ödəniş etməyinizi istəyirik" dedilər. Səbəbini soruşanda cavab verdilər ki, kredit kartlarına istənilən an məhdudiyyət qoyula bilər. Bu, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalarla bağlı vəziyyətdir".

Xatırladaq ki, Rusiyanın bir sıra ən böyük banklarına sanksiyalar tətbiq olunub, onlara valyuta əməliyyatları yasaqlanıb. Rusiya Mərkəzi Bankının xaricdəki avuarları və hesabları dondurulub.