Zelenski: Lukaşenko Belarus qoşunlarının Ukraynaya girməyəcəyinə təminat verib


Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna Prezidenti Volodimir Zelenskini əmin edib ki, Belarusdan Ukraynaya raketlər, təyyarə və helikopterlər uçmayacaq. Belarus qoşunları Ukrayna dövlətinin ərazisinə girməyəcək.

AZƏRTAC Ukrinform agentliyinə istinadla xəbər verir ki, bu barədə Zelenski Lukaşenko ilə telefon söhbətinin nəticələrindən danışarkən bildirib. “Mən istəmirəm ki, Belarusdan Ukraynaya raketlər, təyyarələr və helikopterlər uçsun, qoşunlar girsin. O mənə bununla bağlı təminat verdi”, - Ukrayna Prezidenti belə deyib.

Zelenski və Lukaşenko razılaşıblar ki, Ukrayna nümayəndə heyəti rusiyalılarla heç bir ilkin şərt olmadan Ukrayna-Belarus sərhədinin Pripyat çayı rayonunda görüşəcək.