Amerikalı analitik Ukraynadakı vəziyyətdən danışdı:“…Yanlış hesablama idi”


Rusiya ilə Ukrayna arasında davam edən müharibə dünyanın diqqətinin Şərqi Avropaya yönəlməsinə səbəb olub. Verilən bəyanatlardan məlum olur ki, Kremlin işi bu dəfə heç də asan olmadı. Təsadüfi deyil ki, Rusiya Prezidenti Vladimir Putin artıq danışıqlara hazır olduğunu bildirib. Yayılan məlumata görə, o, müdafiə naziri Sergey Şoyquya nüvə silahını hazır vəziyyətə gətirmək barədə tapşırıq verib. Şübhəsiz, bu da “saman çüpündən yapışmaq” ritorikasıdır. Böyük Britaniyanın xarici işlər naziri Liz Trasın sözlərinə görə, Moskva geri çəkilməsə, bu, NATO ilə münaqişəyə gətirib çıxaracaq. Deməli, üçüncü dünya müharibəsi artıq real təhlükəyə çevrilib. 

Amerikalı siyasi analitik Paul Qobl hazırkı situasiya barədə “Sherg.az”ın suallarını cavablandırdı:

-Rusiya ilə Ukrayna arasında müharibə gözlənilən idi?
-Yox. İşğal başlayanadək çox az adam bu cür genişmiqyaslı hərbi toqquşma barədə düşünürdü. Əksəriyyət, o cümlədən mən daha lokal əməliyatların olacağını fikirləşirdik. 
-Rusiya ciddi təzyiqlə üzləşəcəyini bilirdi. Elə isə belə bir toqquşma onun nəyinə lazım idi?
-Qərbin narazılığı Kreml üçün gözlənilən idi. Lakin Rusiya Prezidenti Vladimir Putin ordusunun daha tez qalib gələ biləcəyinə inanırdı. Həmçinin NATO daxilində parçalanmaların olacağına ümid edirdi. Bunların ikisi də yanlış hesablama idi. Ukrayna xalqı tam hazırlıqlı idi. Və NATO 1989-cu ildən bəri heç vaxt olmadığı qədər vahiddir. 
-Savaşdan əvvəl həm Rusiya, həm də Ukrayna rəhbərliyi bunu istəmədiklərini deyirdilər. Kiyevin NATO-ya üzvlükdən imtina etməsi nəticəsində potensial savaşın qarşısının alınması daha yaxşı variant olmazdı?
-Doğrudur, Kiyev Moskvanın diktəsinə razı olsa idi, savaş başlamazdı. Lakin ukraynalılar daha Rusiyanın əsarəti altında yaşamaq istəmirlər. 
-Sizcə, Türkiyənin vasitəçiliyi işə yarayacaq?
-Ankara tərəfləri bir araya gətirməkdə müəyyən rol oyanaya bilər. Lakin bunun həlledici olması ehtimalı çox azdır. 
-Putin və Zelenski hakimiyyətləri üçün təhlükə nə qədərdir. Nəzərə alaq ki, Rusiyada  müharibəyə etiraz edənlər heç də az deyil. 
-Zelenski güc yolu ilə devrilə bilər. Amma indi onun tərəfdarları daha çoxdur. Putin isə daha zəifdir. Hərçənd daxili elitadan kiminsə açıq şəkildə ona meydan oxumaq cəsarətində olduğunu görmək üçün gözləmək lazımdır. 
-Müharibənin nəticəsi haqqında nə düşünürsünüz? Savaş davam edəcək, yoxsa yaxın günlərdə danışıqlar olacaq?
-Ehtimal edirəm ki, döyüşlər davam edəcək. Və bununla paralel olaraq danışıqlar da gedəcək. 
-Müharibənin Cənubi Qafqaz regionuna necə təsir edəcək?
-Donbasın müstəqilliyinin tanınmasından sonra eyni ssenarisinin Qarabağda da təkrarlanma ehtimalı böyük təhlükə idi. Yəqin ki, Prezident İlham Əliyevin Moskva səfərində bu məsələ də müzakirə olunub. Hər halda bundan sonra Cənubi Qafqaz ölkələri Rusiyadan daha çox ehtiyatlana bilərlər. 
-Azərbaycan Rusiyanın başının qarışmasından istifadə edərək terroçuların Qarabağdan çıxarılmasını tələb edə və bu olmayacağı təqdirdə anti-terror əməliyyatına başlaya bilərmi?
-Mümkündür. Lakin daha yaxşı variant Türkiyənin Qarabağda Rusiya ilə eyni səlahiyyətlərə malik olması barədə Kremli razı salmaqdır. 

Kənan Novruzov