“Bu, üçüncü dünya müharibəsinə gətirib çıxara bilər” - Açıqlama

Ukrayna ordusunda könüllülər də döyüşücək. Bu barədə Ukraynanın xarici işlər naziri Nikolay Kuleba məlumat verib. “Artıq dünyanın 16 ölkəsindən könüllülər Ukraynaya gəlir. Biz artıq ən azı 86 dövlət və 15 beynəlxalq təşkilatı olan beynəlxalq anti-müharibə koalisiyasını səfərbər etmişik. 19 ölkə Ukraynaya silah verir, onlardan bir neçəsi bunu öz tarixində ilk dəfə edir. 10 ölkə makromaliyyə yardımı edir, 22 ölkə humanitar yardım edir, artıq dünyanın 16 ölkəsindən işğalçıya qarşı Ukrayna xalqı ilə çiyin-çiyinə döyüşməyə hazır olan könüllülər gəlir. Onların ümumi sayı artıq min nəfəri keçib və müraciətlər daxil olmaqda davam edir”, - Kuleba çərşənbə günü onlayn brifinq zamanı bildirib.

Könüllülərin Ukrayna ordu sıralarına qoşulması barədə “Sherg.az”a danışan BDU-nun müəllimi, beynəlxalq məsələlər üzrə ekspert Sultan Zahidov bildirib ki, könüllələrin Ukrayna ordusuna qoşulması müəyyən qədər müsbət təsir yarada bilər:

“Sözsüz ki, digər dövlətlərdən könüllü şəkildə döyüşçülərin gəlməsi Ukrayna xalqına psixoloji cəhətdən yardım edir. Həmçinin, real baxımdan da Ukraynanın müqavimətini artıra biləcək faktorlardan biridir. Amma biz deyə bilmərik ki, bu kütləvi, yəni, 180 dərəcə müharibənin gedişatını dəyişəcək. Çünki birincisi, əcnəbi döyüşçülərin sayı barədə dəqiq rəqəmlər hələ məlum deyil. İkinci məsələ ondan ibarətdir ki, müasir dövrdə müharibənin vəziyyətini əsasən texnika dəyişə bilər.

Məsələn, 1950-1953-cü illərdə baş verən Koreya müharibəsində Çinin  milyonluq ordusuna qarşı ABŞ ordusu sırf texnikanın köməyi ilə qalib gəlmişdi. İndiki  müharibədə də Ukrayna xalqının güclü müqavimətinə baxmayaraq, Rusiyanın texniki cəhətdən xeyli üstün olması və geostrateji yerlərdə məskunlaşması ümumi gedişatda Ukraynanın uduzduğunu görürük”.

Ekspert müharibənin gedişatını dəyişəcək amilləri sadalayıb:

“Bu müharibədə Rusiyanın geriləməsinə səbəb olacaq faktorlardan biri Ukraynanın hava sahəsinin uçuşa qadağan zonanın elan olunmasıdır. Rusiyanı burada güclü edən faktorlardan biri hava sahəsində çox qüvvətli olmasıdır. Buna görə də Ukrayna dəfələrlə xahiş edib ki, onun hava sahəsini uçuşa qadağan zona elan etsinlər. Amma ABŞ heç bir halda buna razılıq vermir. Çünki deyir ki, belə bir şey baş verərsə, biz ruslarla birbaşa toqquşacağıq. Bu da birbaşa üçüncü dünya müharibəsinə gətirib çıxara bilər. Bu kimi faktorlar müharibənin gedişinə təsir göstərə bilər. Amma sırf xaricdən könüllü qüvvələrin gəlməsi müharibənin gedişatını 180 dərəcə dəyişəcəyinə inanmıram”.

Çimnaz Şahlar