Dəhşətdir! - "Şəhərlər bombalanır, uşaqlar ölür


25 yaşlı Oleksandra: "Ancaq Rusiyada yaşayan anam mənə inanmır"

   Ukraynalılar Rusiyada yaşayan valideynlərinin baş verənlərdən xəbərsiz olduqlarını və Ukraynada şəhərlərin bombalandığını, insanların sığınacaqlarda gizləndiyinə inanmadıqlarını "BBC News"a (Türkcə) anladıblar. 

Xarkov şəhəri bombardman edilməyə başladığı gündən 4 köpəklə mənzilin hamam otağında gizlənən 25 yaşlı Oleksandra deyib ki, Moskvada yaşayan anasıyla telefon əlaqəsi saxlayır. Şəhərin bombalanmasını videoya çəkib anasına göndərib. Amma anası hətta bu videolara da inanmır: “Valideynlərimi qorxutmaq istəmirdim. Ancaq onlara dinc əhalinin, uşaqların öldüyünü anlatmağa başladım. Mənim üçün narahat olduqlarını desələr də, rus ordusunu dinc əhalini hədəf alacağına əsla inanmadıqlarını, əksinə, Ukrayna ordusunun öz xalqını qətl etdiyini söyləməyə davam edirlər. Bundan dəhşətə gəlirəm. Buna səbəb Rusiya televiziyaları tərəfindən həqiqətin gizlədilməsidir. Anamın dedikləri rus mediasının dedikləridir”. Oleksandra deyib ki, anasının rus spikeri kimi danışması qorxuncdur: 

“Rəsmi Moskva insanların beynini “yeyir”. Valideynlərim belə zənn edir ki, burada hərbi əməliyyat icra olunur. Ruslar bizi “müstəqilləşdirmək” üçün gəlir. Heç bir şeyə zərər verməyəcəklər, bizə toxunmayacaqlar. Yalnız hərbi bazaları hədəf alırlar. Valideynlərimdən bunları eşitmək dəhşətdir”. Rusiya telekanalları müharibəyə Ukraynanın təcavüzkar davranışlarının səbəb olduğunu deyir və baş verənləri “özgürlük əməliyyatı” adlandırırlar. Bəzi ruslar müharibəyə etiraz əlaməti olaraq küçələrə çıxsa da, telekanallar bunu efirə vermir.

Kiyevdə restoran işlədən Mikhailo da bombardman başladıqda ailəsini Macarıstan sərhədinə qədər müşayiət edib, özü isə Kiyevə dönüb.  Atası Rusiyanın Nişni-Novqorod şəhərində yaşayır və monastırda işləyir. Mikhailo atasının bu vurhavura baxmayaraq heç zəng etməməsinə təəccüb edib və atasına telefon açıb. Atasıyla danışarkən onun baş verənlər barədə yanlış məlumatlara malik olduğunu başa düşüb: “Atam, mənə “xeyir, bu, müharibə deyil, ruslar Ukraynanı faşistlərdən qoruyur” dedi. Mən rus təbliğatına bundan öncə də bələd idim, amma bu qədərini təsəvvürümə gətirməmişdim. Doğma atam mənə inanmır. Halbuki, anam və nənəm də mənimlə birlikdə hamam otağında gizlənirlər”. Mikhailo da məlumatsızlığın və yanlış məlumatlara sahib olmanın səbəbini Rusiya mediasının davamlı yalan informasiyalar üzərində çalışması ilə izah edib.