Ukraynadakı müharibə Cənubi Qafqaza təsir edir: "Qarabağda müəyyən hərəkətlənmə ola bilər"


Rusiya ilə Ukrayna arasında müharibə bir həftədən çoxdur ki, davam edir. Tərəflər atəşkəs barədə razılığa gəlsə də, buna əməl edilmədi. Müxtəlif iddialara görə, rus qoşunları artıq paytaxt Kiyevdədir. Hətta Prezident Vladimir Zelenskinin həyatına bir neçə dəfə sui- qəsd cəhdi olması ile bağlı məlumat var. 

Qərb isə ən azından sözdə Kremlə təzyiqləri artırır. Rəsmi Moskvanın getdikcə "dalana dirəndiyi" məlumdur. Deməli, Moskva və Kiyev, həqiqətən, ölüm- qalım mübarizəsi aparırlar. Bu savaşdan kimin gülərək ayrılacağı isə təkcə hərbi hazırlıqdan yox, həm də beynəlxalq ictimaiyyətin proseslərə münasibətindən, həmçinin xalqların psixoloji durumundan asılıdır. 
 Davam edən hərbi əməliyyatları və onun nəticəsini məhz bu aspektlərdən Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıçla müzakirə etdik: 

-Belə genişmiqyaslı bir savaşı gözləyirdiz?

-Əslində müharibə təxmin edilirdi. Amma belə tez olacağı gözlənilmirdi. Məsələ ondan ibarətdir ki, ABŞ başda olmaqla NATO ölkələri uzun müddətdir  Ukraynanı təhrik edirdi. Əlbəttə, Rusiya da buna adekvat cavab verir, sərhədə qoşun yığırdı. Kreml Kiyevin bu alyansa üzv olmayacağına dair NATO-dan yazılı təzminat tələb edirdi. Lakin, şübhəsiz, belə bir razılıq verilməzdi. Odur görə də hərbi əməliyyatlar başlanmalı idi. Amma heyf ki, diplomatiyaya son dəfə şans verilmədi.  Ukrayna üçün təəssüflənirəm. 

-Yəni Kiyevin uduzacağını düşünürsünüz?

-Bunu konkret olaraq demək çətindir. Amma bildiyiniz kimi, müharibən əvvəl Rusiya separat ərazilərin, yəni Donetsklə Luqanskın müstəqilliyini tanıdı. Proseslər onu göstərir ki, Moskva bu əraziləri Ukraynadan qoparacaq. Həmçinin artıq xeyli ərazilər işğal olunub. Kremlin bu yerlərdən çıxacağı ağlabatan deyil. Biz 2008-ci ildə Osetiya və Abxaziyanın timsalında Gürcüstanda da oxşar ssenarini görmüşdük. Əlbəttə, müharibənin  ən qısa müddətdə bitməsini istəyirik. Çünki söhbət mülki insanların, o cümlədən günahsız uşaqların həyatlarından gedir. 

-Türkiyə müharibədən əvvəl olduğu kimi bu gün də vasitəçiliyini təklif edir.  XİN rəhbəri Mövlud Çavuşoğlu NATO xarici işlər nazirlərinin toplantısında da bu barədə danışıb. Sizcə, vasitəçilik bundan sonra işə yarayar?

-Məncə, Türkiyənin vasitəçiliyi fayda verəcək və müharibənin bitməyinə töhfə olacaq. Çünki Anakara həm Moskva, həm də Kiyevlə dostdur. Eyni zamanda Türkiyə regional gücdür və bizim vasitəçilik təcrübəmiz kifayət qədərdir. 

-Bəs Qərb?

-Avropa dövlətlərinin çoxu səmimi deyil. Qərb Ukraynanı qurban verdi. Ukrayna Prezidenti Zelenskinin özünün də dediyi kimi, Qərb Kiyevi tək qoydu. Gərək Ukrayna Qərbə bu qədər çox güvənməzdi. Məhz lazımından çox inandığına görə də tək qaldı. Ümumiyyətlə, Qərbə çox inanmaq lazım deyil. Bu, baha başa gələ bilər. 

-Davam edən hərbi əməliyyatlar Cənubi Qafqaza necə təsir edər?

-Əlbəttə, Rusiyanın hazırda müharibə şəraitində olması regional proseslər baxımından Azərbaycanın xeyrinədir. Qarabağda müəyyən hərəkətlənmə ola bilər. Həmçinin Qarabağda anti-terror əməliyyatlarına başlayaraq, işğal altındakı digər ərazilərin də azad edilməsi mümkündür. Məncə, buna getmək olar. 

Kənan Novruzov