Ankara Rusiya və Ukrayna ilə iki təyyarəsinin Kiyevdən qaytarılmasını müzakirə edir


Fevralın 24-ü axşam saatlarında humanitar məqsədlə Ukraynaya uçan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus A400M tipli iki hərbi-nəqliyyat təyyarəsi hələ də Borispol hava limanındadır, Ukraynanın hava məkanı bağlı olduğu üçün Türkiyəyə qayıda bilmir.

Bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar məlumat verib.

Onun sözlərinə görə, təyyarələrlə Türkiyə vətəndaşlarının bir qisminin çıxarılması planlaşdırılırdı, lakin müharibə başlayıb.

“Biz bu təyyarələrin təhlükəsiz şəkildə geri qaytarılması məsələsini həm Rusiya, həm də Ukrayna ilə müzakirə edirik. Atəşkəs elan olunan kimi təyyarələri geri qaytaracağıq”, – Türkiyə Müdafiə Nazirliyinin rəhbəri bildirib.

O qeyd edib ki, təyyarənin ekipajı Türkiyənin Kiyevdəki səfirliyindədir.

Mənbə: Anadolu Agentliyi