Rusiya əkdiyini biçir!-  ““Fake” xəbərlərin acı nəticələri...” - Saytlar bağlanır! 

Rusiyada sosial şəbəkələrə tətbiq edilən məhdudiyyətlər davam edir.Ölkədə “Facebook”dan sonra daha bir sosial şəbəkəyə “Twitter”ə giriş məhdudlaşdırılıb. Bu barədə Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (Roskomnadzor) məlumat verilib.

BDU- nun Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli  məsələ ilə bağlı “Sherg.az”a danışarkən  bildirib ki, müharibə şəraitinə görə Rusiyada kütləvi informasiya vasitələrinə bir sıra məhdudiyyətlər tətbiq olunub:

 “Nəticədə “ Exo Moskva" və "Dojd" kimi nisbətən azad, demokratik ruhlu media qurumları bağlanıb. İndi isə sosial şəbəkələrə məhdudiyyət qoyulur. Bundan başqa həm də müharibə ilə bağlı saxta xəbərlər yayan şəxslərə qarşı xüsusi qanun qəbul olunub. Cəza tədbirlərində cərimələr hətta 15 ilə yaxın həbs nəzərdə tutulub. Rusiya özü bütün dünyada saxta xəbər yayan, informasiya təbliğatı aparan, Avropanı təbliğat zərbəsi altında saxlayan bir ölkədir. O indi bu təbliğatın acı nəticələrini özü görür və ona qarşı mübarizəyə səfərbər olur”. 

Professorun fikrincə, Rusiyanın KİV-ə , eləcə də sosial şəbəkələrə qoyduğu məhdudiyyətlər müharibə bitənə və ondan bir az sonrakı dövrə qədər davam edəcək:

“Ukraynada müharibə bitərkən Rusiya hərbi niyyətinə nail olsa da,bütünlükdə siyasi məqsədlərə  çatmış olmayacaq. Ona görə də rəsmi Moskva bir müddət bu  soyuq müharibənin təbliğatının qarşısını almaq üçün media qurumlarını, sosial şəbəkələri məhdud vəziyyətdə saxlayacaq”.