Moskva denasifikasiya tələbindən geri çəkilib? – “...Bu, Zelenskinin legitimliyini...”

Rusiyanın Ukraynaya işğalçı hücumundan sonra tərəflər arasında keçirilən danışıqların iki “raundu” artıq geridə qalıb. Birinci mərhələ fevralın 28-də baş tutub və tərəflərin nümayəndələri dialoq üçün prioritet mövzuları müəyyənləşdirib,müəyyən həll yollarını qeyd ediblər.Martın 3-də keçirilən ikinci görüşdə isə onlar arasında humanitar dəhliz barədə qarşılıqlı anlaşma olub.Danışıqların üçüncü mərhələsinin isə yaxın günlərdə baş tutacağı gözlənilir.

“Azpost.info”nun baş redaktoru Xaqani Səfəroğlu gözlənilən görüşün növbəti raundu ilə bağlı fikirlərini “Sherg.az”a bölüşüb:

“Bundan əvvəl aparılan danışıqların hər iki mərhələsi atəş altında keçib. Amma dinc əhalinin çıxarılması üçün humanitar dəhliz və bunun üçün müvəqqəti atəşkəs barədə razılıq əldə olundu. Hər iki tərəf çox radikal əhvalda danışıqlarda iştirak edir. Rusiya Ukraynanın ərazi bütövlüyünü pozan, beynəlxalq sərhədlərini dağıdan şərtləri irəli sürüb. Bu isə heç bir halda Kiyev üçün məqbul deyil. Beynəlxalq vasitəçilərin-Fransanın, Almaniyanın səyləri də baş tutmur. Moskva heç bir halda geri çəkilməyəcəyini bəyan edir. Ukrayna rəsmilərinin açıqlamasında deyilir ki, Moskva denasifikasiya tələbindən geri çəkilib. Bu əgər təsdiq olunarsa, Rusiya tərəfindən Ukraynanın hazırkı hakimiyyətinin,  prezident Zelenskinin legitim sayılması deməkdir. Danışıqlar platforması üçün legitimlik mühüm detaldır”.

X.Səfəroğlunun fikrincə, növbəti danışıqlarda rəsmi Kiyev Atom Elektrik Stansiyaları ətrafında vəziyyəti, dinc insanların təxliyyəsinin  müzakirəsini təklif edə bilər:

“Eləcə də humanitar korridorlara beynəlxalq vasitəçilərin nəzarətinin cəlb olunmasını təklif edə bilər. Rusiya  isə Ukraynanın neytral mövqeyinin müzakirəsini, xarici muzdlu döyüşçülərin Ukraynaya buraxılmamasını ilkin şərtlər kimi ortaya qoya bilər. Hazırda Ukraynada vəziyyət  elədir ki, hər saat tamam fərqli situasiya yaranır. Əsas məsələ yekunda aydın olacaq ”.