Atəş dinmir, körpələr ölür

Qucaqlarında uşaq xəstəxanaya qaçdılar, amma çox gec qaldılar

Ukraynanın liman şəhəri Mariopolu top atəşinə tutmaqla Rusiya dinc əhalinin təxliyəsi prosesini pozur. Şəhər mərkəzi və təxliyə üçün nəzərdə tutulmuş keçidə top atışları gerçəkləşib, nəticədə Mariopolun şimalındakı Volnovaka bölgəsinə təxliyə edilənlərdən yalnız 400 nəfərin atəş altından çıxarılması mümkün olub. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, Mariopolda baş verənlər Amerikanın “Associted Press” (AP) xəbər agentliyinin foto-müxbiri Yevgeni Maloletka tərəfindən qeydə alınıb. 

AP-nin yaydığı fotolar dünyada əks-səda doğurub. Fotolardan birində şəhər xəstəxanasına sığınanların top atışı səsini eşitdikdə dəhlizdə döşəməyə necə sərildikləri əks olunur. Başqa bir fotoda isə qucağında 18 aylıq körpəsi həyəcan içində xəstəxanaya gələn Marina və Fyodor Yatskonun üzündəki kədər və acı əksini tapıb. Körpə top atəşi zamanı yaralanıb, valideynləri qana bulaşmış körpəni qucaqlarına alaraq xəstəxanaya üz tutublar. Lakin həkimlərin təcili müdaxiləsinə baxmayaraq körpənin həyatını xilas etmək mümkün olmayıb. 

Həyatlarının ən acı xəbərini alan ana-atanın simasındakı hüzn foto-kameraya düşüb.

 Xəstəxanada dəhlizdəcə tibbi xidmət göstərilən yaralıların olduğu görünür. Xəstəxana personalının yanlarından ayırmadıqları uşaqlar isə odyala bürünərək isinməyə çalışırlar. 

BMT İnsan Haqları Komitəsi bugünədək Ukraynada 19-u uşaq olmaqla 331 dinc sakinin öldüyünü açıqlayıb. Mariopol bələdiyyə başqanı köməkçisi Serhiy Orlov BBC-yə açıqlamasında “bu, dəlilikdir. Ruslar bizi bombardman etməkdədir. Mariopolda atəşkəs yoxdur, şəhəri tərk etməyə çalışanlara da toplardan atəş açırlar. 

Dinc əhali şəhəri tərk etməyə hazırdır, ancaq top atəşləri buna imkan vermir”, söyləyib.