Ərdoğan - Stoltenberq görüşü: Türkiyə və Qərb yaxınlaşır?

Xəbər verdiyimiz kimi, Antalyada ikinci dəfə təşkil edilən Diplomatiya Forumu çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqi qəbul edib. Y.Stoltenberq Türkiyənin Ukraynada münaqişənin sülh yolu ilə həllinə gətirib çıxara biləcək diplomatik və siyasi prosesləri asanlaşdırmaq üçün göstərdiyi səyləri təqdir etdiyini bildirib.

Qeyd edək ki, martın 10-da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasında üçtərəfli görüşün keçirilməsi Antalya Diplomatik Forumunun əhəmiyyətini daha da artırıb. Forumda bir çox ölkə rəsmiləri iştirak edib. Eləcə də, Azərbaycanın hökumət nümayəndələri, siyasi partiyaların rəhbər şəxsləri, Milli Məclisin deputatları, ictimaiyyətin digər nümayəndələri bu tədbirdə  təmsil olunur.

Artıq rəsmi Bakı və rəsmi Ankara  müəyyən gücə malikdir, regionda söz sahibidirlər. Avropa ölkələri siyasi, hərbi, iqtisadi və s. məsələlərdə Türkiyənin  “qapısını döyür”,  məsləhətlər alır, hətta kömək istəyir. Azərbaycan-Türkiyə tandemi Ukrayna və Rusiya arasındakı gərgin münasibətdə bir növ körpü rolunu oynayır. Lakin gedişatın necə nəticələnəcəyi məlum deyil.

Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Həsrət Rüstəmov bildirib ki, Diplomatik Forum Türkiyə nüfuzunun dünyada, xüsusilə də regionda artmasına səbəb olub:

“Həm Stoltenberq, həm də ABŞ prezidenti  Co Bayden haqlıdır.  Bildiyimiz kimi, Forumun açılışından sonra Ərdoğan və Bayden uzun müddətli telefon danışıqları aparıb. Mediada da bildirildi ki, ABŞ prezidenti bu Forumun keçirilməsindən çox razı qalıb”.

Politoloq hesab edir ki, bu yolla Türkiyə və Qərb yaxınlaşacaq:

“Ümumiyyətlə,  bu forum rəsmi Ankaranın  regionda və dünyada gücünün kifayət qədər yüksəldiyini, bölgədəki münaqişələrin həllində aktiv rol aldığını, xarici siyasətdə və diplomatiyada əvvəlki 10 ilə nisbətən çox irəli getdiyini göstərir.

 Təbii ki,  Azərbaycan üçün həm xarici siyasət maraqları baxımından, həm də etnik yaxınlıq cəhətdən sevindirici haldır. Qərb və qardaş ölkə arasında bir sıra problemlər vardı. Hesab edirəm ki, bu forumdan sonra problemlər həllərini tapacaq”.