Abxaziyada keçirilən "parlament seçkiləri"  qanunsuzdur


Azərbaycan indiki məqamda doğru mövqedədir

Abxaziyada keçirilmiş qondarma "parlament seçkiləri"  barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) rəsmi məlumat yayıb.
Bəyanatda deyilir:

"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir. Eyni zamanda 12 mart 2022-ci il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma "parlament seçkiləri"ni, həmçinin onların nəticələrini tanımır. Azərbaycan XİN Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Şərq"ə açıqlamasında bildirib ki, Azərbaycan indiki məqamda doğru mövqedədir:

"Ölkəmizin keçmişdəki ərazi bütövlüyü məsələsi həll olunub. Digər dövlətlərin də suverenlik mövzusuna həssaslıqla yanaşırıq. Ukrayna, Gürcüstan və başqa dövlətlərin ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyirik.

 Hətta vaxtilə Kosovada türk sülhməramlı kontingentinin tərkibində Azərbaycan hərbçiləri də var idi. Rəsmi Priştinanın müstəqilliyi tanınanda silahlı qüvvələri də çıxartdıq. Çünki Serbiyanın ərazi bütövlüyünü dəstəkləyirdik. Eləcə də Abxaziyada keçirilən "parlament seçkiləri" qanunsuzdur, onu tanımırıq.

Əvvəl Qarabağda seçkilər keçiriləndə Gürcüstan XİN də oxşar bəyanat verib. Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyib. Həmçinin Ukraynanın müstəqilliyini tanıyırıq. Ermənistan Gürcüstanı guya dost dövlət adlandırır. Amma rəsmi İrəvandan bu yöndə heç bir açıqlama yoxdur".