Ukrayna prezidenti Volodimir Zelenski İsrail parlamentinin xüsusi iclasında videokonfrans vasitəsilə İsrail parlamentarilərinə müraciət edib.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, Zelenski Ukrayna vətəndaşlarının öz ölkələrini tərk etmək məcburiyyətində qalmasını nasist qırğınından qaçan yəhudilərin vəziyyəti ilə müqayisə edib: “Millətimiz indi Polşa, Slovakiya, Çexiya, Almaniya və onlarla başqa ölkəyə qaçaraq təhlükəsizlik axtarır. Sizin keçmişdə etdiyiniz kimi. Bu müharibə ilə mədəniyyətimizi, millətimizi, xalqımızı, uşaqlarımızı və ukraynalıları ukraynalı edən hər şeyi öldürmək istəyirlər. Rus ordusu indi Ukraynanı darmadağın edir və bütün dünya buna baxır”.
Dünya ölkələrinə təcili yardım çağırdıqlarını təkrarlayan Zelenski İsrailin Ukraynaya hərbi dəstək verməməsi və Rusiyaya qarşı sanksiyalarda iştirak etməməsi məsələsinə də toxunub:
"Sizin Dəmir Günbəz sisteminiz dünyanın ən yaxşısıdır. Beləliklə, siz öz maraqlarınızı qoruya bilərsiniz. Ukraynanın da ukraynalıları və yəhudiləri qorumasına kömək edin. Maraqlıdır, biz niyə sizdən hərbi sursat ala bilmirik? İsrail niyə ona qarşı sanksiyalar tətbiq etməyib? Rus şirkətlərinə niyə təzyiq göstərilməyib?Buna cavab verəcək və verəcəyiniz cavablarla yaşayacaq olanlar sizlərsiniz”.
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenskinin çıxışı Təl-Əvivin mərkəzi Habima meydanındakı nəhəng ekranda canlı yayımlanıb. Yüzlərlə nümayişçi Zelenskini dinləmək üçün Ukrayna bayraqları ilə meydana toplaşıb.