Rusiya Ukraynada məğlub olsa, digər dövlətlər də rus qoşunlarını ölkələrindən çıxarmağa çalışacaq
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından verilən məlumata görə, Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin Gürcüstanın işğal altındakı Cənubi Osetiya bölgəsindəki 4-cü və Abxaziya sahəsindəki 7-ci hərbi bazalarının bölmələri Ukraynaya yerləşdirilib.
Baş Qərargahdan yayılan məlumatda qeyd olunub ki, 4-cü hərbi bazadan 1200-dək rus və osetiyalı döyüşçüdən ibarət üç batalyon taktiki qrup formalaşdırılaraq Ukraynaya göndərilib.
7-ci bazadan isə 800-dək hərbçidən ibarət iki batalyon taktiki qrup formalaşdırılıb.
Hazırda Rusiyanın Ukraynanın Kiyev və Şernoqov regionlarından geri çəkilməyə davam etdiyi bildirilir.
Politoloq Turab Rzayev "Şərq"ə açıqlamasında bildirib ki, Ukraynada müharibənin hələ də davam etməsi ehtimalı var:
"Çünki Rusiya artıq Kiyev və Şernoqovdan geri çəkilsə də, sülh danışıqlarına razı olduğunu bildirsə də, digər münaqişəli ərazilərdən əsgərləri Ukraynaya daşımağa davam edir. Bilirik ki, Suriyadan Bəşər Əsəd qüvvələrini və silahlı PKK-ya mənsub şəxsləri Ukraynaya aparır. Eynilə Qarabağdakı rus sülhməramlılarının müvəqqəti nəzarətindəki ərazilərdən əsgərləri artıq ikinci dəfədir ki, Ukraynaya nəql edir. Gürcüstandakı Abxaziya və Osetiyadakı bazalardan da əsgərlər daşınır.
Həmçinin Mərkəzi Afrika Respublikasından olan yerli afrikalı döyüşçülər və hərbçilər Ukraynaya aparılır. Bu, onu deməyə əsas verir ki, Rusiya münaqişəni davam etdirə bilər. Əlbəttə ki, rəsmi Moskva bu müharibədən məğlub çıxsa, davam etdirə bilməsə və Kremlin məğlubiyyəti artıq təsdiqlənsə, o zaman həm Gürcüstan, həm Azərbaycan, həm də ərazisi Rusiyanın işğalına məruz qalmış digər ölkələr açıq şəkildə öz ərazilərindən rus ordusunu çıxartmağa çalışacaqlar.
Rus qoşunlarını öz hüdudlarından xaric edərək ərazi bütövlüyünü təmin edəcəklər. İndiki halda isə düşünürəm ki, Gürcüstana, Azərbaycana və digər ölkələrə ən yaxşı halda gözləmək düşür".