Ukrayna və Rusiya prezidentləri eyni masada...! – “Bu, Putinin iflası deməkdir”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Ahaber”ə müsahibəsində Rusiya xarici işlər naziri Sergey Lavrovla ukraynalı həmkarı Dmitro Kulebanın görüşünə hazırlıq görüldüyünü  bildirib. Nazir Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbuldakı görüşündən danışaraq növbəti görüşün Sergey Lavorv və Dmitro Kuleaba arasında keçiriləcəyini gözlədiklərini bildirib. Onun sözlərinə görə, bundan sonra Ukrayna Prezidenti Volodomir Zelenski və Rusiya Prezidenti Vladimir Putin arasında görüşün keçiriləcəyi ehtimal olunur.

Nazir görüşlərin dəqiq tarixinin müəyyənləşmədiyini desə, bir-iki həftə ərzində baş tutacağını istisna etməyib. O, hər iki tərəfin bir-birinin ittiham etməsini vurğulayaraq hər iki tərəfdə döyüşən muzdluların olduğunu bildirib. Çavuşoğlu Vladimir Putinin Türkiyəyə səfərini gözlədiklərini, bunun tarixini rəsmi Moskvanın təyin edəcəyini söyləyib.

Çavuşoğlunun  açıqlamaları barədə  “Sherg.az”a danışan politoloq Azər Rəşidoğlu bildirib ki, Rusiya prezidentinin ukraynalı həmkarı ilə görüşə razılıq verməsi Vladimir Putini iflası deməkdir:

“İstənilən müstəvidə görüş ola bilər. Ancaq burada ən mühümü V.Putinlə V.Zelenski arasındakı görüşdür. İndiyə qədər Putin bu görüşdən imtina edib. Çünki o, Zelenskini özünə bərabər bir siyasi xadim kimi qəbul etmirdi. O, hətta Ukraynanı dolayısı ilə Rusiyanın ərazasi adlandırırdı. Putinin Zelenski ilə bir masada oturması Ukraynanı və Zelenskini münaqişə tərəfi kimi qəbul etməsi deməkdir.  Rusiya liderinin bununla razı olmasına isə inanmıram. O, əgər bu addımı atacaqsa, Zelenski ilə görüşə razılıq verəcəksə, indiyə kimi atdığı  addımların və xüsusilə də, Ukraynanın işğal əməliyyatının uğursuzluğa düçar olduğunu açıq etiraf etmiş olacaq. Bu ölkə daxilində onun  rəqiblərinin  əlinə əlavə fürsətlər verəcək ki, buna  da Putinin  tam iflası demək olar”.

Politoloqun fikrincə, Ukrayna-Rusiya cəbhəsində döyüşlərin davam etməsi Qərb dövlətlərinin  işinə gəlir:

“Ehtimal edirəm ki,  Rusiya prezidenti bu görüşün baş tutmamasına çalışacaq. Ukrayna lideri isə ilk gündən onu görüşə, istənilən variantın müzakirəsinə dəvət edir. Bu görüşmədən imtina edən hər zaman Putin idi. Bu qədər  sanksiya və döyüşdən sonra onun Zelenski ilə görüşə razılıq verəcəyinə, hətta dünyanın və Ukraynanın tələblərini qəbul edəcəyinə inamım yoxdur.  Güman edirəm ki, Qərb də buna müsbət yanaşmayacaq. Çünki  Qərbin istəyi bu münaqişənin daha uzun müdət davam etməsi, sanksiyaların daha sərt formaya keçməsi  və Rusiyanın çöküb imperiyaçı  çağırışlardan və fəaliyyətdən uzaq durmasıdır. Bu baxımdan hərhansı görüşün uzun  müddətli sülhə nail olacağını güman etmirəm”.

Azər Rəşidoğlu hesab edir ki, prezident səviyyəsində olmayan görüşlərin xüsusi bir əhəmiyyəti olmayacaq:

“Əlbəttə ki, bu müharibə də uzun müddət davam edə bilməz. Ancaq münaqişənin  qısa zamanda həll olacağına olcağına ümid etmirəm. İstənilən vəziyyətdə, Putin istər prezident , istər siyasi xadim  kimi artıq iflasa uğrayıb. Bu münaqişənin istənilən halında Putin siyasi hakimiyyətdən getmək təhlükəsi ilə üzləşə bilər. Bu seçkidə, seçkiyə qədər ki müddətdə, hərbi çevriliş cəhdi ilə və yaxud Putinin tam əmək qabiliyyətin itirməsi nəticəsində də baş verə bilər. Digər görüşlər isə heç bir önəm kəsb etmir. Yəni, burada əsas Ukrayna və Rusiya prezidentinin  eyni masa arxasında əyləşməsidir.   Başqa görüşlər yalnız yardımçı rolu oynaya bilər”.