Rusiya ordusundakı suriyalılar!- “Hərbçilərin də döyüşməsi mümkündür”


Yayılan məlumatlara görə, Rusiya ordusunda Ukraynaya qarşı iştirak edən könüllü döyüşçülərə 7 min  dollar pul verilir. Bu təklif üçün rus ordusunda döyüşən şəxslərin əksəriyyəti suriyalı şəxslərdir. Mənbələrin yazdığına görə, Yaxın Şərqdən təxminən 16 000 döyüşçü Rusiya ordusu sıralarında döyüşmək üçün könüllü olaraq müharibəyə yollanıb

Hətta suriyalı könüllüləri rus ordusunda döyüşməyə təşviq edən sosial media səhifələri də mövcuddur. Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu Rusiya tərəfindən  Suriyanın bəzi şəhərlərində 14 könüllü qeydiyyat mərkəzi açıldığını bildirib.
Könüllü olaraq müharibədə iştirak edənlər bidiriblər ki, müraciətləri qəbul edilənlər Rusiyaya göndərilməzdən əvvəl Laziqiyyə  yaxınlığındakı bazada təlim keçiblər.

Mövzunu “Sherg.az”a şərh edən siyasi  şərhçi Aqşin Kərimov bildirib ki, Rusiyanın muzdlulardan istifadə edəcəyinə dair hədə tonu Qərbin Ukraynaya könüllülər və silah-sursat göndərməsi fonunda baş tutub:

“Kimə nə qədər pul verilir, bu, bəlli deyil, yayılan məlumatların isə həqiqiliyini yoxlamaq imkanlarımız yoxdur.  Suriya hakimiyyətinin Rusiyaya vəfa borcu var, ona görə də, nəinki muzdluların, Suriya ordusuna məxsus hərbçilərin də Ukraynada döyüşə atılması mümkündür.  Rusiya ordusu Kiyev istiqamətində və Nikolayevdə, eləcə də Xerson və Mariupolda, Xarkovda ciddi müqavimətlə üzləşir, bununla belə Ukraynanın Azov dənizinə çıxışını bağlamağa müvəffəq olub”.

Ekspertin  fikrincə, Rusiya ordusunun hücum taktikası köhnə metodlara söykənir:

“Eyni zamanda Rusiya ordusunun Ukraynaya salınan qüvvələri partizan döyüşlərinə hazır deyil. Bundan əlavə Rusiyanın əlində güclü silahlar olsa da, bu müharibədə onun tətbiqi əlavə xərc və mənasızdır. Sırf döyüş əməliyyatları üçün salınan qüvvələr isə Ukrayna ordusunda olan silahlar qarşısında acizdir. Məsələn, Ukraynada tankları və hava vasitələrini sıradan çıxaran dəqiq silahlar var və bu cür əməliyyatlarda üstünlük qazanır. Eləcə də “Bayraktar” Rusiya ordusu üçün xeyli çətinliklər yaradır.

Bununla belə, Rusiya Ukraynanın şimal-şərqində, şərqində və cənub-şərqində ərazilər işğal edə bilib və işğal bucağı yaradıb ki, bu da onu indiki halda üstün edir”.