Ona görə Ukrayna savaşında ön cərgədə yer alıb
Böyük Britaniya Ukrayna-Rusiya danışıqlarında ABŞ, Fransa və Almaniyadan daha sərt mövqe tutur. Eyni zamanda Kiyevə hələ Moskva ilə müqavilə bağlamamağı tövsiyə edir.
Bu barədə Britaniya hökumətindəki mənbələrə istinadən “The Times” qəzeti yazıb.
Bildirilib ki, London Vaşinqton, Paris və Berlinin Ukraynanı Kremlə əhəmiyyətli güzəştlərə getməyə sövq etmək istəyindən narahatdır. Böyük Britaniya müttəfiqlərinin qısa müddətdə Ukrayna-Rusiya sazişlərinin bağlanmasına nail olmaq istəyi məsələsində həmrəy deyil. Rəsmi London hesab edir ki, saziş yalnız Ukraynanın “mümkün olan ən güclü mövqedə olacağı” zaman imzalanmalıdır.
Qeyd olunub ki, Böyük Britaniyanın Baş naziri Boris Conson “Rusiya qoşunları Ukraynanı, o cümlədən Krımı tərk edənə qədər” Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinin tərəfdarıdır. Bundan başqa, həftə sonu telefon danışığında Boris Conson Ukrayna Prezidenti Vladimir Zelenskiyə xəbərdarlıq edib ki, Rusiya Prezidenti Vladimir Putin “sizi yormaq və güzəştə getmək” üçün danışıqlardan istifadə edən “yalançı və xuliqandır”.
AĞ Pariya sədrinin müavini, politoloq Əhəd Məmmədli "Şərq"ə açıqlamasında bildirib ki, İkinci Dünya müharibəsindən sonra Böyük Britaniyada imperiya statusunun itmə prosesi başlayıb:
"Beynəlxalq hadisələrdə London ikinci rolda idi. Amerikanın kiçik tərəfdarı kimi görünüb. Amma son illərdə o, yenidən əvvəlki illərinə qayıtmaq cəhdi edir. Qarabağ müharibəsində gizli olaraq Böyük Britaniyanın iştirakını da gördük.
İndi isə daha açıq müstəvidə Rusiya-Ukrayna müharibəsində fəal iştirakını və antirusiya mövqeyini və aktiv fəaliyyətinin şahidi oluruq. Onun belə bir mövqe sərgiləməsinin səbəbi İpək yolundan keçən ölkələrin tərəfdaşlığının yaranma işartılarıdır.
Böyük Britaniya, Türkiyə, Çin, Pakistanın bir-biri ilə bəzi məqamlarda eyni tərəfdə, həmçinin antirus mövqeyindən anqlosaks ölkələrinin, başda ABŞ, Londonun iştirak etməsi həmin cəbhədə bir Rusiyaya qarşı siyasət cızılmasına işarədir. Eyni zamanda artıq dünya düzəni dəyişir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "dünya beşdən böyükdür" deyəndə bəziləri bunu ironiya ilə qarşıladı.
Amma artıq ABŞ da bunu etiraf edir. Böyük Britaniya adına layiq bir mövqe tutmaq istəyir və bunun uğrunda savaşır".