Almaniya hökuməti yanında iqtisadi inkişaf üzrə ekspert şurasının üzvü Veronika Qrimm “İzvestiya” qəzetinə müsahibəsində ölkəsinin enerji böhranı nəticəsində üzləşdiyi vəziyyətdən danışıb.
Onun sözlərinə görə, Almaniyada artıq ərzaq böhranı başlayıb. İqtisadçı vurğulayıb ki, qazın qiymətinin qalxması fonunda gübrələrin də qiyməti artıb, nəticədə qıtlıq yaranıb.
Qrimm digər amil kimi Rusiya və Ukraynadan kənd təsərrüfatı məhsullarının ixracının gözlənilən çatışmazlığını səsləndirib:
“Sənayesi inkişaf etmiş ölkələr üçün bu, ərzaq qiymətlərinin artması deməkdir, inkişaf etməkdə olan ölkələr üçün isə o, aclığa səbəb ola bilər”.
Bundan əvvəl BMT-nin baş katibi Antonio Quterreş demişdi ki, Ukraynadakı vəziyyət nəticəsində ərzaq, gübrə və enerji qiymətlərinin artması qlobal ərzaq böhranına səbəb ola bilər.