Tural İrfan: "Yəni İran-İraq döyüşü kimi uzansın, axırda məcbur olub, Ukrayna Rusiyanın şərtlərini qəbul etsin, ona təslim olsun"
Kremlin dünyadakı hegemonluğu artıq bir sıfır səviyyəsinə enir
Rusiya Prezidenti Vladimir Putin Amur vilayətində "Vostoçnı" kosmodromunun tikintisi ilə tanışlıq zamanı bildirib ki, Rusiyanın Ukraynadakı anti-Rusiya qüvvələrlə toqquşması qaçılmaz idi:
"Bu gün bizim zabitlərimiz Ukraynada, Donbassda xüsusi hərbi əməliyyatlarda iştirak edir. Əminəm ki, Donbassın müdafiəsi üzrə əməliyyatın məqsədlərinə nail olacağıq".
Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Tural İrfan "Şərq"ə açıqlamasında bildirib ki, Rusiyanın Ukraynada məğlubiyyəti qaçılmazdır:
"Sadəcə olaraq uduzduğunu ört-basdır etməkdən, qalib görüntüsü yaratmaqdan ötrü təbii ki, Rusiya prezidenti və siyasətçiləri əllərindən gələni edirlər. Həmçinin onlardan biri Donbassla bağlı müharibənin qaçılmaz olduğunu deyərək özlərinə haqq qazandırırlar. Şübhəsiz ki, bu, qeyri-səmimi bir açıqlamadır. Təbii ki, Azərbaycan Qarabağla bağlı 30 ilə yaxın danışıqlar aparmasına baxmayaraq effekt vermədiyini bildikdən sonra hərbi əməliyyatlara başlayıb. Amma heç də Ukrayna-Rusiya məsələsi bu cür olmayıb. Nəinki 30 il, heç 3 ay da danışıqlar aparılmayıb. Rusiya heç bir sülh yoluna getmədən rəsmi Ukrayna xalqına qarşı hegemonluq nümayiş etdirib. Təbii ki, Rusiyanın məğlubiyyətini büruzə verən amillərdən biri də onların geri çəkilərkən yol verdikləri qırğınlardır. Rusiyanın kifayət qədər hərbi itkiləri var və bu, Ukraynadan qat-qat çoxdur. Ölüm sayını bərabərləşdirmək üçün qarşı tərəfin də dinc əhalisinə qarşı soyqırım həyata keçirirlər. Ümumiyyətlə, Putin "çekist" taktikası ilə iş görür. Bəzi açıqlanan və açıqlanmayan mövqe arasında çaşbaşlıq yaradaraq, manevrlər edir. Sağ göstərib, sol vurur. O açıqlamalara müvafiq olaraq hansısa qənaətə gəlməyi düzgün hesab etmirəm. Hər şey reallığa baxılıb, qiymətləndirilməlidir. Həqiqət də ondan ibarətdir ki, artıq Rusiyanın yenilməsi yekunlaşmaq üzrədir. Hər bir halda rəsmi Moskva istər Donbassda, istərsə də digər ərazilərdə baş verən hadisələrlə bağlı qalib görkəmi yaratmaq və savaşın nəticələrindən xeyir götürmək istəyir. Həmişəki kimi əzələ nümayişi etdirirlər. Hətta bir qədər əvvəl nüvə silahı ilə təhdid ediblər. Rusiyanın əvvəlcədən proqnozlaşdırmadığı sonluq gəlib, çatıb.
O, Ukraynaya qarşı müharibə elan etdikdə Avropanın və bir neçə dövlətin rəsmi Kiyevin yanında olacağını düşünüb. Amma bu gün gerçəklik başqadır. Artıq demək olar ki, Rusiyanın müttəfiqləri, ona rəğbəti olan dövlətlər də Ukraynanın yanındadır. Kremlin həm siyasi, həm də ictimai nüfuzu, ümumiyyətlə, dünyadakı hegemonluğu da artıq bir sıfır səviyyəsinə enir. Düşünürəm ki, müharibənin sonunda Rusiya savaşı uzatmaqla nəyəsə nail olmağa çalışacaq. Çünki Ukrayna üçün müharibənin davam etməsi o qədər də sərf etmir. Şübhəsiz ki, onun dayağı daha çoxdur. Avropa, Amerika Ukraynaya dəstək verir.
Amma unutmayaq ki, Avropa ilə Rusiyanı müqayisə etmək doğru olmaz. Güclərin tərs-mütənasibliyi, Ukrayna ölkəsinin viran olması, insanların sosial vəziyyətinin ağırlaşması, dağıntılar kimi məsələlər mövcuddur. Eyni zamanda Ukrayna ilə Rusiyanın ərazisi eyni deyil. Savaş da məhz Ukrayna ərazisində getdiyinə görə artıq müharibənin davam etməsinə rəsmi Kiyevin marağı yoxdur. Amma Rusiyanın müharibədən qalib və qazanclı çıxmaq təxminlərinə görə savaşı uzada bilər. Yəni İran-İraq döyüşü kimi uzansın, axırda məcbur olub, Ukrayna Rusiyanın şərtlərini qəbul etsin, ona təslim olsun. Digər tərəfdən də bu savaşı uzatmağa Rusiyanın qüvvəti olmalıdır. Taqətin tükənməsi fonunda daxildə də təhlükələrin olması ehtimalı var. Yəni artıq etirazlar baş qaldıra bilər. Həmçinin kənardan embarqolar, sanksiyalar məlumdur. Bu cəza tədbirlərinin artması qarşılığında artıq əhalinin, dövlətin iqtisadi vəziyyəti tamamilə çökə bilər.
Bu da dövlətə ciddi bir xələl gətirər. Rusiya Ukraynanı şərtlərin qəbul edilməsinə məcbur etdiyi kimi rəsmi Moskvanın özünü də dünya gücləri bu savaşı dayandırmağa sövq edəcəklər".