Putin uğur qazansa, dəhşət başlayacaq


Avropa Ukraynaya dəstəyini ikiqat artırmalıdır

"İndiki şərtlər daxilində Ukraynanın danışıqlara gedib, atəşkəs imzalaması yalnız o halda mümkün ola bilər ki, Rusiya müharibədən əvvəlki mövqeyinə çəkilsin"

   “Ukraynadakı vəziyyətə kənardan müdaxilə olsa, cavabımız sürətli olacaq”. Bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib. Kreml rəhbəri Rusiyaya təhlükə yaradılacağı halda, opponentlərində olmayan silahlardan istifadə edəcəklərini bəyan edib. Lakin Putin Rusiyanın Ukrayna ilə danışıqlardan imtina etmədiyini, diplomatik yolla razılaşma əldə edilə biləcəyini vurğulayıb:

 “Hərbi əməliyyatların getməsinə baxmayaraq biz hesab edirik ki, diplomatik yolla razılaşma əldə edilə bilər. Biz danışıq aparırıq və bundan imtina etmirik”. 

AŞ PA-dan Rusiyaya qarşı qətnamə..

Avropa Şurası Parlament Assambleyası “Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzü: Avropa Şurasının rolu və cavabı” adlı qətnamə qəbul edib. Qətnamədə AŞ PA Ukrayna ilə həmrəylik nümayiş etdirib. Rusiyaya hücumları dayandırmaq üçün çağırış edilib. Bildirilib ki, Rusiyanın Ukraynaya hücumu Avropada İkinci Dünya müharibəsindən bəri ən dəhşətli humanitar böhrana səbəb olub. Qlobal idarəçilik üçün problem yaradıb. Enerji xərclərinin və ərzaq təhlükəsizliyinin kəskin artmasına gətirib çıxarıb. Qətnamədə beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Ukraynanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sarsılmaz dəstək bir daha təsdiqlənib.

“Qərbin Ukraynaya silah tədarükü əhəmiyyətli dərəcədə artıb”

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak deyib ki, Qərbin Ukraynaya silah tədarükü əhəmiyyətli dərəcədə artıb. O xatırladıb ki, müharibənin əvvəlində Rusiyanın tələblərindən biri də Ukraynanın tam silahsızlaşdırılması olub: “Dünyanın 40 müdafiə nazirinin dünənki əlamətdar görüşündən sonra Moskvaya çox pis xəbərim var: Qərbin Ukraynaya silah təchizatı həm sürət, həm həcm, həm də sadələşdirilmiş logistika baxımından əhəmiyyətli dərəcədə artıb”.

“Ukrayna ordusu NATO silahlarına keçir”

Ukrayna xarici işlər naziri Dmitro Kuleba bildirib ki, Ukrayna ordusu NATO silahlarına keçir: “Müharibədə yeni mərhələ başlayıb. Biz heç kimin ağlına belə gətirməyən tamamilə yeni mərhələyə qədəm qoyduq. Yeni silahlarla bağlı Ukrayna və ABŞ prezidentləri arasında danışıqlar olub. Əvvəlcə haubitsalar gəlib, amma bu, yalnız başlanğıcdır, daha çox şey gələcək”, 

Rusiyaya mümkün qədər çox ölkə sanksiya tətbiq etməlidir”

İtaliya Prezidenti Sercio Mattarella deyib ki, Rusiyaya mümkün qədər çox ölkə tərəfindən sanksiyalar tətbiq edilməlidir: “Biz əlimizdən gələn qədər Ukraynanın öz müstəqilliyini qoruması üçün humanitar, siyasi yardımlar göstərməliyik. Bütün bunların hamısı sülh danışıqlarına nail olmaq üçün edilməlidir”. O bildirib ki, İtaliya Ukraynanın təhlükəsizliyinin təminatçısı olmağa hazırdır və beynəlxalq vasitəçilərin sülh yolu ilə nizamlanması üzrə danışıqlara cəlb olunmasını zəruri hesab edir.

“KTMT-yə üzv dövlətlər müharibədə iştirakdan imtina edir”

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələr Ukraynaya qarşı müharibədə iştirak etmək istəyi nümayiş etdirmir. Məlumatda bildirilib ki, Rusiyanın təkidlərinə baxmayaraq, KTMT üzvləri “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” adlanan ərazilər də daxil olmaqla, öz ölkələrindən kənarda sülhməramlı əməliyyatların aparılması ilə bağlı qərar qəbul etmək istəmirlər. Vurğulanıb ki, qurum üzvləri milli kontingentlərinin məhdud şəkildə Rusiya və ya Belarus ərazisində yerləşdirilməsi imkanlarını nəzərdən keçirə bilər. Lakin bu, yalnız həmin ölkələrin Ukraynanın hücumuna məruz qalmasını rəsmi şəkildə bəyan etmələrindən sonra mümkün ola bilər. 

"Bir daha özümüzü heç vaxt təhlükəsiz hiss etməyəcəyik"

Böyük Britaniyanın Xarici işlər naziri Liz Trass deyib ki, Rusiya müharibəsinə qarşı olan ölkələr Ukraynaya dəstəyi ikiqat artırmalı, xüsusən də Kiyevi daha çox ağır silahlarla təmin etməlidir. Trass bildirib ki, Vladimir Putinin qələbəsinin qarşısını almaq lazımdır: “Əks halda o, müharibədən dünyada yeni təhlükəsizlik nizamının katalizatoru kimi istifadə edəcək. Putin uğur qazanarsa, Avropada daha da ağlasığmaz səfalət və bütün dünyada dəhşətli nəticələr olacaq. Bir daha özümüzü heç vaxt təhlükəsiz hiss etməyəcəyik. Ona görə də biz uzun yola hazır olmalıyıq və Ukraynaya dəstəyimizi ikiqat artırmalıyıq”.

“ABŞ Putinin Kiyevlə diplomatik əməkdaşlığına inanmır”

ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonun Putinin Kiyevlə diplomatik əməkdaşlığına inanmadığını deyib. O, ABŞ-ın Ukraynaya silah tədarükünü sürətləndirdiyini vurğulayıb: “Rusiya hökumətinin 2 ay əvvəl cəmi bir neçə günə ələ keçirə biləcəyini iddia etdiyi ərazilər hələ Ukraynadadır. Kiyev canlanır: insanlar küçələrdə yemək yeyir, skamyada oturur, gəzirlər. Ukraynalılar Kiyev uğrunda döyüşdə qalib gəlib. Biz bunu öz gözlərimizlə gördük”. 

“Ukrayna verdiyimiz silahlarla Rusiyadakı hədəfləri vura bilər”

Böyük Britaniyanın Baş naziri Boris Conson bildirib ki, Ukraynaya verilən silahlarla Rusiyadakı hədəflərin vurulması mümkündür: “Ukrayna Britaniyanın verdiyi silahlarla Rusiya ərazisindəki hədəfləri vura bilər. Ukraynanın özünü müdafiə etmək hüququ var. Biz böhranın Ukraynanın sərhədlərindən kənara çıxmasını istəmirik. Lakin dediyim kimi, ukraynalılar özlərini müdafiə edə bilərlər”. Daha əvvəl Böyük Britaniyanın Silahlı qüvvələr naziri Ceyms Hippi də bildirmişdi ki, Ukraynanın Rusiyaya hücumu legitimdir. 

“Situasiya gərgin olaraq qalır...”

Politoloq Məhəmməd Əsədullazadə “Şərq”ə bildirib ki, Ukraynaya silah yardımı, xüsusilə NATO silahları ilə təchiz edilməsi Rusiyanın itkiləri ilə nəticələnir. Avropa Birliyi də Rusiyaya sanksiyaları genişləndirib: 

“NATO müdafiə nazirlərinin Almaniyada keçirilən görüşdə birbaşa Rusiyaya qarşı sərt addımların atılması qərarlaşdırıldı. 

Bu, Putini geri addım atmağa sövq edir. Müharibənin uzanması Ukraynanın əlini gücləndirir və Rusiyaya ciddi itkilər hesabına başa gəlir. İndiki şərtlər daxilində Ukraynanın danışıqlara gedib, atəşkəs imzalaması yalnız o halda mümkün ola bilər ki, Rusiya müharibədən əvvəlki mövqeyinə çəkilsin. 

Amma, bu da Ukraynanın maraqlarına cavab vermir. Müasir silahlarla təmin edilən Ukrayna ordusunun Donbassdakı separatizmə son qoyması üçün ən əlverişli məqamdır. 

Rusiya Krıma quru yolu əldə etdikdən sonra atəşkəsə getməkdə maraqlıdır. Situasiya gərgin olaraq qalır və indiki şəraitdə atəşkəs Ukraynanın maraqlarına cavab vermir”.