İsrail saatlarını Bakı vaxtı ilə tutuşdurur

Bu ölkə Azərbaycan hesabına özünün iqtisadi potensialını gücləndirmək istəyir

  “İsrailin Maliyyə naziri Aviqdor Libermanın Azərbaycana gəlişi Cənubi Qafqazda yaranan postmünaqişə reallığında və Rusiya-Ukrayna müharibəsi kontekstində diqqət çəkir”. 

Bu barədə “Şərq”ə siyasi şərhçi Aqşin Kərimov deyib. Analitik bildirib ki, Azərbaycan-İsrail əməkdaşlığı strateji müttəfiqlik səviyyəsinə qədəm qoyur. Onun sözlərinə görə, İsrail Azərbaycan hesabına özünün iqtisadi potensialını gücləndirmək istəyir: “Liberman Azərbaycan-İsrail əlaqələrinin dinamikasının artmasında bəlli bir statusa malikdir, onun şəxsi və əvvəl tutduğu vəzifələr İsrailin öz proyeksiyasını Azərbaycan üzərinə salmasında xüsusi rol oynayıb. 

Əvvəllər xarici işlər naziri və müdafiə naziri kimi postları tutan cənab Liberman bu dəfə maliyyə naziri kimi Bakıya təşrif buyurur. Onun qarşısına Azərbaycanla əməkdaşlığı iqtisadi sferada gücləndirmək missiyası qoyulur. Libermanın Bakıya yol almamışdan öncə İsrail mətbuatında yayılan məlumatlara əsasən, İsrail Azərbaycandan buğda, neft və karbamidin tədarükü üçün müqavilələr imzalamağı iqtisadi gündəliyinə salıb. İsrail dövləti Rusiya-Ukrayna müharibəsinin iqtisadi sahəyə vurduğu ziyanların öz ölkəsinə təsirini dərindən analiz edir. Rusiya və Ukraynadan buğda tədarükünün dayanmasından sonra İsrail Libermanı başqa ölkələrdəki şəxsi əlaqələrindən istifadə edərək yeni iqtisadi müqavilələr imzalamaq üçün sahənin içərisinə salır. Azərbaycan neft-qaz kəməri sisteminin Türkiyə və Avropaya şaxələnməsi İsrail üçün də əlverişli alternativ formalaşdırır. Liberman enerji resurslarının idxalını artırmaq üçün saatlarını Bakı əqrəbləri ilə tutuşdurur. Yəqin ki, indi müzakirələr masasında həmin nəqlin marşrutu üzrə dəqiqləşdirmələr aparılır”. 

A.Kərimova görə, İsraildə Maliyyə Nazirliyi iqtisadi sahə üzrə ən həlledici və üstün statusa malik qurum olduğundan qurum ümumi iqtisadi siyasəti planlaşdırır və həyata keçirir: 

“Nazirlik İsrailin fiskal siyasəti üçün hədəflərin planlaşdırılması və müəyyən edilməsinə cavabdehdir. Bu mənada Libermanın yolunu Bakıya salması yuxarıda sadalanan istiqamətlər üzrə idxalı artırmaq və bunun maliyyə yükünü hesablamaqdan ibarətdir. Yəqin, indi Azərbaycandan idxal olunacaq malların qiyməti də müzakirə olunur. Böyük ehtimalla müqavilələr imzalanacaq və bununla İsrailin Azərbaycana xoşməramlı qarşılıq verəcəyi baş tutacaq. Azərbaycan hazırda özünün ordu göstəricilərini daha yüksəklərə qaldırmaq üçün ən müasir silahların alınmasını hərbi-siyasi hədəfləri sırasında saxlayır. Bu mənada mümkündür ki, Azərbaycan-İsrail hərbi-texniki əməkdaşlığına format veriləcək və yeni məzmun qazanacaq”.