1 əsrlik sirr... - Hitlerin yeməkləri əvvəlcə 15 qadına yedirilirdi 

Adolf Hitlerə qarşı uğursuz sui-qəsd planı 15 qadının həyatını zəhərə döndərdi. Hitlerin yeməklərinə zəhər qatılıb-qatılmadığını bilmək üçün nasistlər 15 qadından ibarət “yemək testi” qrupu formalaşdırıb. Yeməklər Hitlerin önünə gəlməzdən öncə bu qadınlar vasitəsilə test edilib, sonra isə Fürerə təqdim edilib.  Bu dəhşət 1 əsrdən artıq sirr olaraq saxlanıb. Nəhayət, 2013-cü ildə 95 yaşlı alman qadın Marqot Völk 1940-cı illərdə yaşadığı dəhşət barədə “Der Spiegel” jurnalına danışdıqda qadınların qorxu dolu anlar yaşadığı gün üzünə çıxdı. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, yemək testi qrupuna daxil olarkən Margot 24 yaşındaymış. Berlindəki mənzilləri bombardmanda dağılır və onlar Polşa ərazisində yaşamağa başlayırlar. 

Margotun həyat yoldaşı Karl müharibəyə gedib. Margot nasistlərin şərq cəbhəsindəki qərargahında aşpaz işləməyə başlayıb. 1944-cü ildə Klaus Stauffenberg Hitlerə sui-qəsd məqsədilə hazırlanan “Valkyrie əməliyyatı”nda uğursuzluğa düçar olduqdan sonra faşistlər Fürerin həyatına hər hansı təhlükənin qarşısını almaq üçün bütün yeməklərin əvvəlcə başqalarına daddırılması üsulunu tətbiq etməyə başlayıb. Bu məqsədlə də 15 qadından ibarət “yemək testi” qrupu yaradıblar. Margot da bu qrupa daxil edilib. Margot nasist partiyasının üzvü olmayıb, lakin bunu gizlətmək və həyatını xilas etmək üçün qrupa daxil olmaqdan başqa çarəsi qalmayıb: 

“Səhər saat 11-dən günortayadək bizə ən müxətlif yeməklər təqdim edilirdi. Hitler vegitarian idi, ona görə də yeməklərdə ət olmazdı. Ən keyfiyyətli, bahalı tərəvəzlərdən yemək hazırlanırdı. Xəyalımıza belə gətirmədiyimiz tərəvəzlər və yanında mütləq düyü, ya da makaron olardı. Çox ləzzətli yeməklər olmalıydı. Lakin biz qadınlar o yeməklərin ləzzətini heç vaxt hiss edə bilmədik. Ölüm qorxusu ləzzətləri üstələyirdi. Hər dəfə yeməkləri daddıqda, görəsən zəhərlənəcəyikmi, öləcəyikmi, deyə qorxu, stress keçirirdik. Yemək bitdikdə və sağ qaldığımızı anladıqda göz yaşlarına boğulurduq. Qadınlar hönkür-hönkür ağlayırdı. Bu əziyyəti çəkdiyimiz üçün Hitlerə nifrət edirdik, nifrət edə-edə yeyirdik”.  

Qeyd edilir ki, faşist Almaniyasında yaşanmış bu dəhşət səhnələşdirilib və 21 mayda Nyu-Yorkun “Theatre Row” səhnəsində tamaşa qoyulacaq. 

Tamaşa “Hitler`s Tasters” adlanır. Tamaşanın senaristi Maykl Kholos Brooks “Bu durum gerçək bir həyat dramıdır. Bu vaxtadək elə bilirdik, Hitler haqqında ən qoprxunc gerçəklər aşkardır. Amma, gizli qalan çox şeylər varmış”, söyləyib.