Rusiya Brüssel görüşünü əhəmiyyətdən salmağa çalışır

Kreml Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının pozulmasında daha çox maraqlıdır

"Liderlərin üçtərəfli görüşü keçirilsə belə, bundan hansısa uzaqgedən nəticələr gözləmək tamamilə sadəlövhlük olardı"

Prezident İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilə bilər. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib. O, üçtərəfli görüşün olacağını istisna etməyib: “Biz 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixlərində üçtərəfli bəyanatların ən yüksək səviyyədə gerçəkləşdirilməsi üçün bütün səviyyələrdə sistemli işi davam etdiririk. Liderlər daimi təmasdadırlar. 

Əgər belə bir ehtiyac yaranarsa, üzbəüz görüşün təşkilini istisna etmirik”. Diplomat xatırladıb ki, Xarici işlər naziri Sergey Lavrov mayın 12-də Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan və Ermənistandan olan həmkarları ilə görüşüb. Danışıqların gedişində Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılması məsələlərinin bütün spektrləri müzakirə olunub. 

Siyasi şərhçi Elçin Xalidbəyli “Şərq”ə bildirib ki, Rusiya Azərbaycan və Ermənistan arasında sülh sazişi hazırlanması prosesini nəyin bahasına olursa-olsun, nəzarətdə saxlamağa çalışır. Xüsusilə də, Brüssel görüşlərindən sonra Kreml bu prosesin inkişaf istiqamətlərindən və perspekivindən ciddi şəkildə narahatdır:

 “Çünki Brüssel görüşlərində əldə olunan nəticələr Rusiyanın Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarından kənarlaşdırılma ehtimalını ciddiləşdirmişdi. Məsələ ondadır ki, Brüssel görüşünü təşkil edən Qərb siyasi dairələri Azərbaycan və Ermənistana Rusiyanın iştirakı olmadan birbaşa ikitərəfli təmaslara üstünlük verməyi təlqin etməyə çalışırlar. Bu, son nəticədə münaqişə tərəflərinin daha tez anlaşaraq, sülh sazişi imzalamasına münbit şərait yarada bilər. Azərbaycan və Ermənistanın sülh sazişi imzalaması isə Rusiyanın Cənubi Qafqazda ən önəmli təzir rıçağını itirməsi anlamına gəlir. Bu halda, Rusiya sülhməramlılarının müvəqqəti dislokasiya olunduqları Xankəndi və ətraf bölgədən çıxarılması da qaçılmaz olacaq. Yəni Rusiya Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərdə “oyundankənar vəziyyətə” salınmaq təhlükəsi ilə üzləşmiş kimi görünür. Ona görə də Rusiya Brüssel görüşlərinin nəticələrini əhəmiyyətdən salmağa, Azərbaycan və Ermənistan arasında ikitərəfli təmasların qarşısını almağa və regional gərginliyin yüksəldilməsinə cəhd göstərir. Kreml çalışır ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqları pozulsun və Rusiyanın vasitəçiliyi ilə üçtərəfli müzakirələr mümkün qədər uzadılsın. Yəni Kreml Cənubi Qafqazdakı mövqelərini ABŞ və Qərbə verməmək üçün əlindən gələn hər şeyi edir.

Təbii ki, bütün bunları nəzərə aldıqda, Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında növbəti görüşün keçirilmə ehtimalı hər halda mövcuddur. Ancaq Rusiyanın Ukraynada düşdüyü “savaş bataqlığı” Kremlin də planlarını ciddi şəkildə pozur. Rusiya Ukraynada güc itirir və belə vəziyyətdə üçtərəfli görüşün keçirilməsinin özü də zaman və əhəmiyyət baxımından, o qədər də sərfəli deyil. Yəni belə bir görüş ümumiyyətlə, keçirilməyə də bilər”.

Analitik vurğulayıb ki, ancaq liderlərin üçtərəfli görüşü keçirilsə belə, bundan hansısa uzaqgedən nəticələr gözləmək tamamilə sadəlövhlük olardı:

“Kremlin ən azından indi əsas hədəfi Azərbaycan və Ermənistan arasında problemlərin həllinə deyil, məhz onların daha da qəlizləşdirilməsinə indeksləşib. Kreml Cənubi Qafqazda “münaqişə ocaqları” söndürülməsində qətiyyən maraqlı deyil və bunu bütün vasitələrlə əngəlləməyə çalışır. Bu baxımdan, Azərbaycan və Ermənistan əgər, sülh sazişi imzalamaqda israrlıdırlarsa, onda Rusiyanın vasitəçiliyi ilə üçtərəfli görüşlərdən mümkün qədər yayınmaları lazımdır. Çünki indiki situasiyada sülh danışıqlarının uğur qazanması baxımından, ikitərəfli təmasların alternativi demək olar ki, mövcud deyil”.