İrəvanda etirazlar xaricdən qaynaqlanır

Ermənistanda siyasi aksiyalara ən çox dəstək verən Rusiyanın rəsmi və böyük tirajlı media qurumlarıdır


   Ermənistanın paytaxtı İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən aksiyalar yenidən bərpa olunub. Parlamentin vitse-spikeri İşxan Saqatelyanın başçılıq etdiyi etirazçılar qrupu şəhərin Komitas prospekti ilə Amiryan küçəsinin kəsişməsini bağlayıblar. “Müqavimət” hərəkatının üzvləri Paşinyanın istefası tələbi ilə İrəvanın Nor-Nork və Avan istiqamətlərindən mərkəzə doğru irəliləyib. Etirazçılar polisin müdaxiləsi ilə üzləşiblər, tərəflər arasında sərt qarşıdurma halları da yaşanıb. 

Saqatelyan iddia edib ki, Paşinyan bir həftə ərzində təxminən 6,5 milyon dollarla polisləri mükafatlandırıb. “Hraparak” nəşri yazıb ki, Ermənistanda daxili siyasi böhranın həll vasitəsi kimi növbədənkənar parlament seçkilərinin keçirilməsinin mümkünlüyü “pərdə arxası”nda müzakirə olunmağa başlanılıb. Nəşrə görə, Paşinyanın komandası hesab edir ki, vəziyyət nəzarətsiz həddə çatarsa və hakimiyyətin etirazçıları cilovlamaq üçün resursları olmazsa, növbədənkənar seçkilərin keçiriləcəyi bir daha elan edilməlidir: “Təbii olaraq Nikol Paşinyanın rəhbərliyi altında olmalıdır. Bu, onların yenidən seçilməsi və səlahiyyət müddətlərinin bir daha uzadılması demək olacaq. Təsadüfi deyil ki, son seçkilərdən kənarda qalan bəzi marjinal qüvvələrin liderləri vəziyyətin seçki yolu ilə həll olunacağından danışmağa başlayıblar. 

Etiraz dalğasını yatıra bilməsələr, hakimiyyətin bu “B” planı tətbiq olunacaq”. Ermənistanın “Zham.am” nəşri isə Paşinyanla Qorbaçovu müqayisə edib. Mətbu orqan qeyd edib ki, onların bir ortaq cəhəti var, hər ikisi öz ölkələrində islahat aparmaq istəyirdilər, amma öz ölkələrinin dağılmasına səbəb olublar: “Əvvəlcə hər ikisindən böyük gözləntilər var idi, lakin hər ikisi fəaliyyəti yalnız çöküş və məğlubiyyətlə nəticələnən boş fikirli populistlər oldu. Təəccüblü deyildi ki, SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov “daxil”dən daha çox “kənarda” məşhurlaşdı. Lakin əvvəlcə sovet xalqı onu “xilaskar” kimi qəbul edirdi. Eyni şey Nikol Paşinyanda oldu, onu da ilkin olaraq “xilaskar” kimi qəbul etdilər. Lakin onun siyasi boşluğu tezliklə üzə çıxdı. Göründüyü kimi, Paşinyan hakimiyyətdə olduğu dörd il ərzində hamımıza sübut etdi ki, o, bizim üçün problemi həll etmək iqtidarında deyil”. 

Ermənistandakı etirazları “Şərq”ə dəyərləndirən siyasi şərhçi Tural İsmayılov deyib ki, İrəvandakı aksiyalar xaricdən qaynaqlanmaqla yanaşı, hakimiyyət daxilində də etirazlarda maraqlı olan qüvvələr var. Ekspert vurğulayıb ki, Paşinyan hökumətinin Türkiyə ilə münasibətləri normallaşdırma cəhdləri, sülhlə bağlı Azərbaycanla aparılan danışıqlar prosesi Rusiyanı qane etmir: 

“Rusiya siyasi elitası yaxşı başa düşür ki, Paşinyanın bir ayağı hər zaman sorosçuların yanındadır. O səbəbdən daxildəki etiraz aksiyalarını təhrik edirlər. Diqqət etsək, görərik ki, Ermənistanda siyasi aksiyalara ən çox dəstək verən qüvvələr Rusiyanın rəsmi və böyük tirajlı media qurumlarıdır. Qeyd edim ki, Paşinyan özü də kiçik, lokal etirazları təşviq edir. Avropaya, Qərb institutlarına göstərməyə çalışır ki, guya o, Azərbaycan və Türkiyə ilə normallaşma prosesini böyük etirazlar kollapsında həyata keçirir. Bütövlükdə aksiyaların Ermənistanda hansısa hakimiyyət dəyişikliyi ilə nəticələnəcəyi gözlənilmir. Lakin istənilən halda, xüsusən Rusiya tərəfindən təşkil edilmiş “Hayastan” blokunun aksiyalarının Paşinyana ciddi şəkildə təzyiq formalaşdırdığını söyləmək mümkündür”.