Qanunvericiliyin yeni şəraitə uyğunlaşdırılması olduqca vacib idi
Qazaxıstan Mərkəzi Seçki Komissiyası ölkə daxilində keçirilən konstitusiya hüquqları üzrə səsvermənin ilkin nəticələrini açıqlayıb. Referundumun nəticələrinə görə, mövcud konstitusiyaya əlavə və dəyişiklik edilməsi qəbul edilib. 11 milyon seçicinin 8 milyonu “Qazaxıstan Respublikasının Konstitusiyasına əlavə və dəyişiklikləri qəbul edirsinizmi” sualına “hə” cavabı verib.
Məlumat üçün bildirək ki, sonuncu dəfə 1995-ci ildə qəbul edilmiş mövcud konstitusiyanın 33 əsas maddəsində dəyişiklik ediləcək və ölkədə inzibati sistem yenidən qurulacaq. Konstitusiyaya əlavə və dəyişikliklərə uyğun olaraq, dövlət başçısının səlahiyyətləri azaldılır, parlamentin və yerli nümayəndəlik orqanlarının rolu əhəmiyyətli dərəcədə gücləndirilir, insan hüquqları sferası sistemli şəkildə gücləndirilir. Həmçinin, Konstitusiya Məhkəməsi yenidən yaradılır, ölüm cəzası birdəfəlik ləğv olunur və ölkənin birinci lideri Nursultan Nazarbayevin statusu ilə bağlı müddəalar çıxarılır.
Mühüm dəyişikliklərlə bağlı “Şərq”ə danışan siyasi şərhçi Azər Həsrət deyib ki, Qazaxıstan çox mürəkkəb coğrafiyada yerləşir. Ekspert vurğulayıb ki, bir tərəfdə həqiqətən də dünyanın “beynini xarab edən” təcavüzkar Rusiya, digər tərəfdə isə dünyanın başına bəla olan Çin var: “Qazaxıstan bu iki nəhəng və təhlükəli ölkənin arasında yerləşməklə çox ciddi sınaqla üz-üzə qalıb. Bu ölkənin daxili sabitliyinin qorunması, içəridə xalqlar arasında qarşılıqlı anlaşmanın dərinləşməsi, dövlət-xalq bağlarının möhkəmlənməsi istiqamətində yeni-yeni addımlar atmasına ehtiyac böyükdür. 1995-ci ildə qəbul edilmiş Konstitusiya o dövr üçün keçərli və normal idi. Amma aradan xeyli vaxt keçib. Qazaxıstan da, dünya da, o cümlədən ölkənin ictimai rəyi də dəyişib. Qanunvericiliyin yeni şəraitə uyğunlaşdırılması olduqca vacib idi. O baxımdan düşünürəm ki, Qazaxıstanın referendum qərarı və dəyişikliklər yerindədir, məqbuldur. Ən əsası faydalıdır. Nursultan Nazarbayevin statusu ilə bağlı bəzi narahatlıqlar var. Amma narahat olmağa dəyməz. Nazarbayev həm Qazaxıstanın, həm də türk dünyasının ağsaqqalı olaraq qalır. Bunu hansısa konstitusiyada ayrıca qeyd etməyə ehtiyac yoxdur. Digər yandan qazaxlar türk xalqlarının bir parçasıdır. Türk milləti indiki anlamda dövlət sahibi olmadığı zaman belə - keneş, yəni məsləhətləşmə, şuralar, xalqın sözünü dinləmə vərdişləri, törələri olub. Bu törələrə görə, istənilən addımın xalqla razılaşdırılması tələbi var. Qazaxıstanın parlamentli idarəetməyə doğru addımlaması məhz türk törəsindən qaynaqlanır. Qazaxıstan bir növ türk dövləti olaraq özünə dönür. Bu qərar ölkəni daxildən daha da birləşdirəcək, möhkəmləndirəcək. Bu da Rusiya və Çin kimi təcavüzkar qonşuların qarşısında çox vacib addımdır”.