Sanksiya hədəsi... - Tiflisin Moskvaya gedən yolu bağlanıb

Bunu İvanişvili də, digər ruspərəst siyasətçilər də anlamalıdır

   Avropa Parlamenti Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyasının təsisçisi, ölkənin keçmiş baş naziri Bidzina İvanişviliyə sanksiya tətbiq edə bilər. Qətnamə layihəsini parlamentin ən iri fraksiyası olan Avropa Xalq Partiyası hazırlayıb. Sənəddə qeyd olunub ki, Bidzina İvanişvili Gürcüstanın demokratik sistemini sarsıdır və bu səbəbdən ona fərdi sanksiyaların tətbiqi təklif edilir. Tiflis hökumətindən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin həbsdən azad edilməsi də tələb olunub. 

Qətnamə müəllifləri Gürcüstanda KİV azadlığı və jurnalistlərin təhlükəsizliyi məsələlərinə də toxunublar. Eyni zamanda ötən il iyulun 5-də LGBT əleyhdarlarının Tiflisdə törətdikləri iğtişaşlar zamanı media nümayəndələrinin xəsarət alması, müxalif “Mtavari arxi” telekanalının baş direktoru Nika Qvaramiyanın həbsi də xatırlanıb. Qətnamə layihəsi ilə bağlı debatlar iyunun 8-də keçiriləcək, qərarın qəbulu üzrə səsvermə isə iyunun 9-da olacaq.

Siyasi şərhçi Azər Rəşidoğlu “Şərq”ə deyib ki, Bidzina İvanişvili Rusiyanın adamı kimi tanınır. Ekspertin sözlərinə görə, sanksiya Tiflis hökumətinə bir növ xəbardarlıqdır: 

“Qərb Tiflisə yanlış seçim etməməyi təklif edir. Əgər hakimiyyət Rusiyanın maraqlarına cavab verəcək addımlar atacaqsa, Qərb Gürcüstanda hakimiyyət dəyişikliyi barədə düşünməli olacaq. 

Qonşu ölkədə Mixail Saakaşvili hakimiyyətə qayıdırsa, Rusiya üçün ciddi problemlər ola bilər. Bu, son həddir.

Hesab etmirəm ki, vəziyyət bu qədər ciddiləşə bilər. Lakin Tiflisin də Moskvaya gedən yolu bağlanıb. Bunu İvanişvili də, digər ruspərəst siyasətçilər də anlamalıdır”.